Neft ucuzlaşacaq, yoxsa bahalaşacaq?


Dünya bazarında neftin qiymətinin ucuzlaşması kritik həddə çatıb. APA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,35 dollar azalaraq 1 barelə görə 66,46 dollar olub. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,39 dollar ucuzlaşaraq 69,25 dollar təşkil edib.
Bəs iqtisadçı ekspertlər benzinin qiymətində hansı istiqamətdə dəyişikliklərin olacağını proqnozlaşdırır? Yuxarıda iddia olunan qiymət artımı gerçəkləşə bilərmi?
İqtisadçı ekspert Samir Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, benzinin indiki halda bahalaşmasına heç bir iqtisadi əsas görmür: “Azərbaycanda iki kateqoriya benzin var: Aİ 95 və Aİ 98 markalı. Prosesi analiz edəndə nəticələr göstərir ki, hər iki növ benzinin qiyməti aşağı salınmalıdır. İdxal olunan benzindən söhbət gedirsə, onun maya dəyəri əsasən neftdən asılı olduğuna görə neftin qiyməti ilə formalaşır. Neft bahalaşanda bir qayda olaraq benzinin də bahalaşmasını biz müşahidə edirik və ya əksinə neft ucuzlaşanda benzinin ucuzlaşmasını müşahidə edirik”.
Ekspertin sözlərinə görə, artıq dünya bazarında neftin ucuzlaşması bir çox ölkələrdə, Amerikada, Avropa ölkələrində benzin də ucuzlaşıb: “Məsələn, Gürcüstanda Aİ 95 markalı benzinin qiyməti Azərbaycanla müqayisədə ucuzdur. Avropa ölkələrində bir qədər bahadır, bunun da səbəbi həmin ölkələrdə əhalinin yaşayış səviyyəsinin yüksək olmasıdır. İdxal olunan Aİ 95, Aİ 98 benzini ucuzlaşdığına görə, Azərbaycanda da onun ucuzlaşmasına ehtiyac var.
İkinci bir məsələ isə ölkə daxilində istehsal olunan benzindir. Bu dövlət tərəfindən tənzimlənir və qiyməti də ona uyğun müəyyən edilir. Xatırlayırsınızsa, ötən ilin dekabr ayında benzinin qiyməti bahalaşdı. Əsas kimi də o gətirildi ki, benzinin maya dəyərində oturan aksiz vergisi artırılıb. Sonra isə, fevral ayında aksiz vergisi aşağı salındı. Məsələ burasındadır ki, aksiz vergisi əvvəlki səviyyədən də aşağı salındı, ancaq benzinin qiyməti ucuzlaşmadı. Ancaq belə halda avtomatik olaraq benzinin qiyməti aşağı salınmalı idi. Belə çıxır ki, hökumət aksiz vergisini azaltmaqla Dövlət Neft Şirkətinin gəlirlərinin artmasına xidmət edir”.
Samir Əliyev onu da dedi ki, neftin ucuzlaşmasından itirilən gəliri kompensasiya etmək məqsədilə yanacağın bahalaşması taktikasına ilk olaraq Rusiya hökuməti əl atıb: “Yaranan iqtisadi böhran fonunda hökumət büdcəni doldurmaq üçün benzini bahalaşdırır. Ancaq Azərbaycanda hələ ki, belə bir kritik durum yoxdur. Həmçinin Azərbaycanda benzinin bahalaşmasının büdcəyə birbaşa təsiri yoxdur. Burada SOCAR-ın gəlirləri artacaq. Bu şirkətin də dövlət qarşısında öhdəliyi var. Neftin, benzinin qiymətindən asılı olmayaraq hər il SOCAR-dan müəyyən miqdarda vəsait dövlət büdcəsinə köçürülür. Ona görə, hesab edirəm ki, Tarif Şurası nəinki benzinin qiymətinin bahalaşması, əksinə ucuzlaşması barədə fikirləşməlidir”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Vahid Əhmədov da qeyd etdi ki, neftin ucuzlaşması ilə benzinin də qiyməti azalmalıdır: “Benzinin əsas xammalı neft olduğu üçün, neftin qiyməti ucuzlaşdığı təqdirdə benzinin də ucuzlaşması gözlənilir. Diqqət yetirirsinizsə, Gürcüstanda, Türkiyədə və digər ölkələrdə benzinin qiyməti aşağı düşüb. Biz də benzini xaricdən idxal etdiyimiz üçün qiymət nisbətən aşağı salınmalıdır. Bu birbaşa Tarif Şurasının birbaşa ixtiyarında olan məsələdir. Benzinin qiyməti tənzimlənən qiymətlər siyahısına daxildir. Ona görə də, benzinin qiymətində müəyyən dəyişiklik olmalıdır. Ucuzlaşma mütləq olmalıdır. Çünki, neftin ucuzlaşması prosesi davam edir və bizim proqnozlarımıza görə, bu gələn ilin birinci yarısına qədər davam edə bilər. Tarif Şurası bu barədə qərar verməlidir”.
Tarif Şurasının mətbuat katibi Abbas Əliyev isə “Üç nöqtə” qəzetinə açıqlamasında qeyd edib ki, Tarif Şurasında bu məslə müzakirə olunmur : “Yalnız Azərbaycanda istehsal olunan yanacağın qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Lakin yerli istehsal olan yanacağın da qiymətinin aşağı salınması hazırda Tarif Şurasında müzakirə olunmur”.
Dünyada yanacağın qiymətinin düşdüyü halda, Tarif Şurasında belə bir müzakirənin getməməsini isə Abbas Əliyev belə əsaslandırıb: “Yanacağın qiymətinin tənzimlənməsində təkcə neftin dünyadakı qiyməti əsas götürülmür.
İdxal olunan “Aİ-95 premium” benzininə gəlincə, bu növ yanacağın qiymətini Tarif Şurası müəyyənləşdirmir. Onun qiyməti bazar tərəfindən tənzimlənir”.