Yaxud REANİMASİYADA olan partiya
Gənclik İllərimizi təkcə azadlıq mübarizəsində keçirmədik. Bundan başqa bir ədəbiyyat həyatımız da vardı. Bilməyənlər üçün deyim ki, tələbəlik illərində həm də bir neçə dostumla birgə ədəbiyyat dərnəklərində olur, şer məclislərində iştirak edirdik. Arabir qələm sözümüzə baxmayanda da… Şeirləri müzakirəyə çıxarırdıq, poetika-filan axtarırdıq. O uzaq illərdən
Vallah bu adamlar qoymurlar, atam
Mən də adam kimi yaşayım bir az…yaddaşımda ilişib-qalmış, müəllifini unutduğum bu misralar Müsavatın qurultayından sonra baş verən qalmaqal zəminində təzələndi.
Ölkədə, dünyada baş verənləri sakitcə izləyirdim, İŞİD-in törətdiklərini, Ukraynanın başına gələnləri analiz edirdim, arada da köhnə, arxivləşdirdiyim materialları vərəqləyirdim. Amma “bu adamlar qoymadılar ki…” Müsavatın qurultayı ilə bağlı bir neçə gün öncə toxunduğum mövzuya bir də qayıdası oldum.
Müsavatın qurultayındakı başqan seçkisinin qalmaqalı səngimək bilmir. Hər gün yeni bir deyimin, yanaşmanın şahidi oluruq. Əslində çoxdan gözlənilən idi. Daha doğrusu elə hər kəsin bir zamanlar etdiyi əməlləri bumeranq kimi qarşısına çıxacağı gözlənilirdi. Sadəcə zaman gərəkirdi. O da gəldi. Elə bu kəslər ranqlarına uyğun olaraq, bir zamanlar ölkənin siyasi həyatında törətdiklərini yaşayırlar. Özü də etdiklərdinən daha fazla. Budur, namizədlər özləri, onların tərəfdarları, fiziki və bioloji qohumları bir-birini ittiham edirlər. Etdiklərinin fərqinə varırlar-varmırlar deyə bilmərəm. Amm bu hərəkətlər, ittihamlar bəzi para mətləblərə işıq salır. İllərlə siçana döndərdikləri fil boyda sirlər faş olur.
Müsavatın başqanlığına keçmiş namizəd Qubad İbadoğlu deyir ki, heç vaxt Arif Hacılının öz potensialı, öz resursları ilə mənə qalib gəlməsinə inanmaram. Əslində bu seçkidə Müsavatın icra aparatı ilə, bütövlükdə Müsavatdakı rəhbərliklə mübarizədə uduzdum. Deməli, belə çıxır ki, partiyadakı inzibati resurslarla seçkiyə təsir edilib və demokratik, ədalətli seçki olmayıb. Müsavatın keçmiş baş katibi Vurğun Əyyub deyir ki, Arif Hacılı legitim başqan deyil. Legitimlik o zaman olmur ki, seçki saxtakarlıqla keçirilsin. Deməli, Müsavat partiyasının rəhbərliyi seçki saxtakarlığı edib. Məntiq budur. Vurğun Əyyub bu gün Qubad İbadoğlunun tərəfdarları ilə keçirilən toplantıda (bölünmədə) isə fikrini bir az da açıq deyir: “Qurultayın başlamasına yarım saat qalmış təşkilat komitəsinin sədri Zöhrab Məhərrəmovun bütün nümayəndələrə “Arif bəy seçilib” dediyini İsa Qəmbərə bildirsəm də, İsa bəy “şişirtməyin” dedi. Xətai şöbəsindən bir nəfər mənə Məclisə seçiləcək adamların hazır siyahısını verdi. Bu adam eyni zamanda bu pozuntunu İsa Qəmbərə də yazdı. Amma İsa bəy hələ də bu biabırçılığa reaksiya verməyib”. Bu məntiqlə ölkədə keçirilən böyük seçki kampaniyalarını nə zamansa bu adamlara etibar etmək olarmı??
Açıqlamalarında Qubad İbadoğlu açıq şəkildə hədəf Arif Hacılı olmaqla, bir az da dərinə gedərək deyir ki, kimlərsə Müsavatı ailə partiyasına çevirmək istəyir. Müsavatı ailə partiyasına çevirmək niyyətində günahlandırılan yeni başqan Arif Hacılınin qardaşı Vaqif Hacıbəylinin Qubad İbadoğluna cavabı yubanmır. Yeni başqanın qardaşı Müsavatı ailə partiyasına çevirmək ənənəsinin İsa Qəmbər tərəfindən qoyulduğunu dolayısı ilə bəyan edir. Bəs illərlə iqtidarı hansı haqla ölkəni bu üsulla idarə etməkdə ittiham etmisiz???
Deyilənlər, səslənənlər ittihamların jurnalı imiş, əsl kino bir azdan olacaqmış. Elə belə də oldu. Müsavat Məclisinin üzvü Məlahət Mürşüdlü (bu xanıma mənim xüsusi hörmətim var) baltanı lap kökündən vurdu. QHT həmkarımız, xanım müsavatçı partiyadaşı Qubad İbadoğluna ötən həftə ünvanladığı 5 bəndlik məktubunda yazır: “…Müsavat Partiyası reanimasiya stolunun üstündədir: daxili və xarici intriqalar, dedi-qodu, şər-böhtan, yalan vədlər, səriştəsizlik, təşkilatçılıq 0 (sıfıra) bərabərdir!… M.Ə.Rəsulzadə partiyasının bugünkü mənzərəsi budur. Məncə, onu bu günə salanların özləri də vəziyyəti düzəltməlidirlər. Əlbəttə, bacarsalar”.
Bu qədər ciddi ittihamların qarşılığında partiyanın bu üzvlərinin İsa Qəmbərin 2018-ci ildə prezidentliyə namizədliyini irəli sürmələri hansı məntiqə uyğundur, bax bunu anlamaq çətindir. Ölkəni ailə-klan formasında idarə etmək üçünmü? Saxta seçki ənənəsini daimi və oturuşmuş seçki islahatı kimi möhkəmləndirmək üçünmü? Demokraaik seçkilərə birdəfəlik “əlvida” deməkçünmü? Ya ölkəni REANİMASİYA STOLUNA uzatmaq üçün? AXC-nin varisi Azərbaycanın günahı nədir axı? Nə günahın yiyəsidir ki, Rəsulzadənin yaratdığı, Elçibəyin bərpa etdiyi, Heydər Əliyevin qurduğu, İlham Əliyevin iqtisadi inkişafına nail olduğu Azərbaycanı “səriştəsizliklə, yalançı vədlərlə, şərlə, böhtanla” dağıtmaq?
Bunlar etirafmı? Məncə yox. Etiraf belə olmur. Etirafda səmimiyyət olur. Amma bu deyilənlər səmimiyyətdən deyil, maraqlardan dolayıdır. Bunlara inananlar papaqlarını qarşılarına qoyub düşünsələr yaxşı olar. Siyasi nifrət, şəxsi ambisiya, yetərsiz iddia o həddədir ki, fikirlərinin, hərəkətlərinin rabitəsi qırılıb. Bir yandan partiyanı CAN VERMƏKDƏ, partiya rəhbərliyini seçki saxtakarlığında (təkcə seçki günü deyil, bundan əvvəl də prosesə haram qatanlar olub – Qubad İbadoğlunun 6 oktyabrda tərəfdarları ilə keçirdiyi toplantıdan) ittiham edirlər, bir yandan partiyanı ailə-klan partiyası kimi idarəolunmasını deyirlər, bir yandan partiyanın REANİMASİYA STOLUNA uzandırırlar, o biri tərəfdən isə partiaynı bir həftə öncəyə qədər idarə edən və elə özlərinin məntiqinə söykənsək, partiyanı bu günə salan İsa Qəmbərin 2018-ci il üçün prezidentliyə namizədliyini irəli sürürlər. Bu nə məntiqdir??? Elə öz təbirlərincə, ölkəni də partiyanın gününə salmaq istəyimi??? Təəssüf…