Fransa prezidenti Emmanuel Makron İsrailə hava hücumu həyata keçirən İran pilotsuz təyyarələrini İordaniya hava məkanında vuraraq qarşısını aldıqlarını açıqlayıb.
Elchi.az xəbər verir ki, Fransanın BFMTV və RMC kanallarının ortaq proqramında paytaxt Parisdə keçiriləcək Olimpiya Oyunlarına 100 gün qalmış qonaq olan Makron beynəlxalq idman təşkilatını və Yaxın Şərqdəki prosesləri dəyərləndirib.
İranın bu həftə sonu İsrailə hücumuna toxunan Makron, Tehranın aprelin 1-də Dəməşqdəki konsulluğuna İsrail tərəfindən edilən hücuma “qeyri-mütənasib” cavab verdiyini iddia edib.
“Bu, İsrailin qələbəsidir, çünki onlar demək olar ki, bütün raketləri və pilotsuz təyyarələri dayandıra biliblər”, – Fransa prezidenti bildirib.
Makron İordaniyanın tələbi ilə həftə sonu öz təyyarələri ilə ölkənin hava məkanında İran pilotsuz təyyarələrini vurduqlarını bildirib.
Fransanın İordaniyada hərbi bazası olduğunu xatırladan Makron İordaniyanın hava məkanının pozulduğunu bildirib.
Yaxın Şərqdə gərginliyin artmasını istəmədiklərini vurğulayan Makron, Rusiya-Ukrayna müharibəsi və İsrailin Qəzzaya hücumları ilə yanaşı, dünyanın müxtəlif yerlərindəki qarşıdurmaların da Olimpiya Oyunları zamanı dayandırılmasını istəyib. Makron bu məsələdə Çin prezidenti Si Cinpindən kömək istəyəcəyini bildirib.
Olimpiada zamanı təhlükə yaranarsa açılış mərasiminin Trocadero Meydanı və ya Stade de Frans kimi daha məhdud ərazidə keçirilə biləcəyinə diqqət çəkən Makron, bu beynəlxalq təşkilat zamanı hər gün 20 min özəl mühafizəçinin çalışacağını bildirib.
Rusiya prezidenti Vladimir Putinin Olimpiadaya dəvət oluna bilməyəcəyini deyən Makron Rusiya idmançılarının öz himni və bayrağı olmadan tədbirə qatıla biləcəklərini bildirib.
Rus idmançıların ancaq “neytral” olaraq gələ bildiyi bu beynəlxalq yarışmada İsrail idmançılarının iştirakı ilə bağlı Makron “Rusiyadan fərqli olaraq İsrailə təcavüzkar deyə bilmərik” deyib.
Makron bir daha Mali əsilli fransız müğənni Aya Nakamuranın Olimpiya Oyunlarının açılış mərasimində oxumasını istədiyini bildirib və müğənninin bu mövzuda irqçi reaksiyalarını tənqid edib.
Makron olimpiada çərçivəsində Sena çayında üzməyə söz verib və Fransada idmanla bağlı beynəlxalq sammit də təşkil edəcəklərini açıqlayıb.
Şayəstə Hüseynova