“Bakıdakı dözülməz tıxacın qarşısının alınması üçün səmimi bir ideya verirəm. Onsuz da ölkədə ifrat təbəqələşmə var: çox varlılar və çox kasıblar. Ancaq nə hikmətdirsə, borc- xərclə olsa da, kasıblar da maşın sürə bilir və yollardakı əsas tıxacı da məhz onlar yaradır”.
Elchi.az xəbər verir ki, bu fikirləri jurnalist Məhəmmədəli Qəribli FB hesabında qeyd edib.
Onun sözlərinə görə, kasıbların sürdüyü ucuz maşınlar sayca çoxluq təşkil edir:
“Utilizasiya ilə bağlı sərt qərar verilməlidir. Özü də bu qərar maşınların buraxılış ilə deyil, qiyməti ilə bağlı verilməlidir. Məsələn, qiyməti 100 min manatdan ucuz maşınların sürülməsi qadağan edilməlidir.
Əvvəllər minik vasitəsi at olub. Onu da yalnız ali məqam sahibləri və imkanlı adamlar minirdi. İndi kim gəldi maşın sürür. Belə olmaz! Təklifim qəbul olunsa, onda yollar da boşalar və biz də küçələrdə yalnız bahalı maşınları görüb, fəxarət hissi keçirərik.
Eyni zamanda, ictimai nəqliyyat üçün də hərəkət asanlaşar. Vallah , yolu budur! Əvvəlcədən deyim ki, mən dərhal maşın sürməsi qadağan edilənlərin sırasına daxil olacam. Yəni bu təklifi öz rahatlığım üçün yox, ümumi işimizin xeyiri naminə verirəm”.
Şayəstə