Almaniya Kansleri Fridrix Merts elan olunmamış səfərlə Kiyevə gedib.
Elchi.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Ukraynanı həlledici həftələr gözləyir. Məhz buna görə də mən bu gün Kiyevə gəlmişəm ki, bizə arxalana biləcəyinizi göstərim. Almaniyanın təhlükəsizliyi də bu müharibənin nəticəsindən asılıdır. Məhz buna görə də göstərdiyimiz yardım (Ukraynaya – red.) bizim öz maraqlarımıza da cavab verir”, – o yazıb.
DPA agentliyinin məlumatına görə, səfərdə Mertsi iqtisadiyyat naziri Katerina Rayxe və Almaniyanın işgüzar dairələrinin nümayəndələri müşayiət edirlər.
Qeyd olunur ki, Berlin Kiyevə minlərlə ələkeçirici dron vermək və Ukrayna üçün uzaqmənzilli silahların istehsalına başlamaq niyyətindədir və bu barədə kansler səfər çərçivəsində elan edəcək. Bu məqsədlər üçün Almaniya 1 milyard avro ayırmağı planlaşdırır, daha 350 milyon avro isə enerji infrastrukturunun bərpasına yönəldilməlidir.




















