“Ukrayna dronlarının Kremlə hücumu ilə təxribatı Rusiyanın xüsusi hərbi əməliyyatının planlaşdırılmış kursunun ssenarisini dəyişməməlidir. Lakin bu, heç bir qisas olmayacağı anlamına gəlmir”.
Elchi.az xəbər verir ki, bu fikirləri Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalıda bildirib.
Kadırovun sözlərinə görə, Kiyev rejimi Rusiya Federasiyasının prezidentinə, deməli, dövlətinə və nəticədə Rusiya Federasiyasının bütün xalqına hücum edib. Lakin bu, Rusiyanın planlarına və maraqlarına toxunmamalıdır.
Kadırov dünya ədalət institutlarının bərpasını Moskva və onun müttəfiqlərinin əsas vəzifələrindən biri adlandırıb. Çeçenistan rəhbərinin fikrincə, bu baş verəndə bütöv ölkələrin birqütblülüyünə və “kukla”lığına son qoyulacaq.
Kremlə pilotsuz təyyarə ilə hücuma gəlincə, Kadırov qeyd edib:
“Təxribata boyun əyməyən Rusiya prezidenti Vladimir Putinin müdrikliyini yüksək qiymətləndirirəm. Təşkilatçılar Yerin hansı yarımkürəsində olmalarından asılı olmayaraq, bu hərəkətə görə cavab verməli olacaqlar və cəza “cərrahi” və “zərgərlik” baxımından dəqiq olacaq”.
Xatırladaq ki, mayın 3-nə keçən gecə Ukraynaya məxsus iki pilotsuz təyyarə Kremlə zərbə endirməyə cəhd edib. Rusiya hava hücumundan müdafiə qüvvələri maşınları vurub, xəsarət alan olmayıb. Rusiya prezidenti Vladimir Putin həmin vaxt Novo-Oqaryovoda iqamətgahda idi. Hücumla bağlı cinayət işi açılıb. Moskva xəbərdarlıq edib ki, lazım bildiyi zaman Kiyevə adekvat cavab vermək hüququnu özündə saxlayır.
Yeganə