Greenpeace İnternational təşkilatının Rusiya bölməsi ölkədəki rəsmilərin təşkilatın fəaliyyətini “arzuolunmaz” elan etməsindən sonra bağlanmağa məcbur olub.
CNN xəbər kanalına istinadən xəbər verir ki, Rusiya Baş Prokurorluğu cümə günü Telegram-da yayımladığı bəyanatda “Greenpeace-in Rusiya Federasiyası ərazisindəki fəaliyyətini arzuolunmaz hesab etmək” qərarına gəldiyini və Greenpeace İnternational-ın fəaliyyətinin “əsas konstitusiya quruluşu və təhlükəsizliyinə təhdid təşkil etdiyini” iddia edib .
Greenpeace İnternational və onun Rusiyadakı filialı cümə günü yaydığı iki bəyanatda qərarı pisləyib.
“Biz Baş Prokurorluğun qərarı ilə qəti şəkildə razılaşmadığımızı bildiririk. Bu qərar Greenpeace-in Rusiyada hər hansı fəaliyyətinin davam etməsini qeyri-qanuni edir. Buna görə də Greenpeace-in Rusiya bölməsi bağlanmağa məcbur olacaq”, – Greenpeace Rusiyanın bəyanatında deyilir.
Greenpeace İnternational təşkilatı da qərarı pisləyib və bildirib ki, “bu səhv qərar faktiki olaraq Rusiyada təbiətin qorunmasının “arzuolunmaz” olduğunu göstərir”.
“Aydındır ki, Greenpeace İnternational – sonra isə Greenpeace Rusiya – arzuolunmaz olaraq etiketləndi, çünki biz təbiəti təhdid edən fəlakətli planların həyata keçirilməsinə icazə vermirik”, – Greenpeace İnternational-ın bəyanatında əlavə edilib.
Nuranə Məmmədova