Cənubi Afrikadan olan iş adamı Elon Mask İspaniya hökumətinə qarşı yeni hücum edərək, baş nazirin müavini Yolanda Diası və baş nazir Pedro Sançesi hədəf alıb. Mask Diasın “İspan xalqından nifrət etdiyini”, Sançes hökumətinin isə öz ölkəsini “məhv etdiyini” iddia edib. Maskın bu açıqlaması Yolanda Diasın texnologiya nəhənglərindən vergi tutulacağını bəyan etməsindən dərhal sonra səslənib.
Elchi.az xəbər verir ki, Mask Diasın Nyu-Yorka səfəri zamanı verdiyi açıqlamalara cavab verib. Dias həmin çıxışında ABŞ-ın iri texnologiya şirkətlərinin “vergiyə cəlb edilməsi, istifadə şərtlərinin və əmək qaydalarının tənzimlənməsi” çağırışı etmiş, Trampa yaxın olan “həddindən artıq zəngin elitaları” İspaniyada “vergi ödəməməkdə” ittiham etmişdi.
Baş nazirin müavini Diasın fikirlərini əks etdirən videoya cavab olaraq Mask onun “İspan xalqından nifrət etdiyini” iddia edib.
Mask ümumilikdə İspaniya hökumətini nəzərdə tutaraq “Onlar İspaniyanı məhv edirlər” ifadəsini işlədib.
Son dövrlərdə Elon Mask xüsusilə Avropadakı solyönlü hökumətlərlə rəqəmsal tənzimləmələr, ifadə azadlığı və vergilər məsələsində tez-tez qarşıdurma yaşayır.
Yolanda Dias isə Mask və ona bənzər fiqurları “imtiyazlı və vergidən yayınan azlıq” kimi xarakterizə edir.
Məryəm





















