Borrel: "Ukrayna gələcəyini Aİ ilə əlaqələndirmək üçün tarixi imkana malikdir"

🗓 01.05.2024 19:17 ✍️ "Elçi" qəzeti
Borrel: "Ukrayna gələcəyini Aİ ilə əlaqələndirmək üçün tarixi imkana malikdir"
Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cozep Borrel Aİ tarixində ən böyük genişlənmənin 20-ci ildönümü münasibətilə verdiyi bəyanatda qeyd edib ki, hazırkı namizəd ölkələrin, o cümlədən, Ukraynanın öz gələcəklərini möhkəm şəkildə əlaqələndirmək üçün tarixi imkanları var. Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu barədə Borrelin çərşənbə günü dərc olunmuş bəyanatında deyilir. Borrel qeyd edib ki, 20 il əvvəl Avropa ailəsi on yeni üzv dövləti alqışladı və bu, Avropanı daha da birləşdirən cəsarətli addım idi. "Amma qitəni birləşdirmək üçün işimiz bitməyib. Biz bunu 2022-ci ilə qədər bilirdik və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibə apardığı bu gün daha da yaxşı bilirik”,-deyə Borrel bildirib. Borrelin sözlərinə görə, son illər milyonlarla avropalı Aİ layihəsinə qoşulmaq arzusunu və ümidini ifadə edib. “Qərbi Balkanlar, Türkiyə, Ukrayna, Moldova və Gürcüstan öz gələcəklərini Avropa İttifaqı ilə möhkəm bağlamaq üçün tarixi imkanlara malikdir. Aİ-nin genişlənməsi təhlükəsizliyi, ədaləti və demokratiyanı gücləndirən, eləcə də avropalıların həyat səviyyəsini yaxşılaşdıran transformasiya siyasətidir”, -deyə Borel bildirib. Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, Aİ və namizədlər bir çox geosiyasi çağırışlarla birgə üz-üzə gəlmək və onları daha yaxşı dəf etmək üçün təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq edirlər. Borrel vurğulayıb ki, gələcək üzv dövlətlər öz demokratik təsisatlarını gücləndirməli, insan hüquqlarını və əsas azadlıqlarını qorumalıdırlar. “Namizəd ölkələrin və Aİ-nin daha böyük, daha dərin və güclü Avropa İttifaqı qurmaq üçün tarixi imkanları var”, -deyə Aİ-nin ali nümayəndəsi bildirib. Yeganə

Bənzər yazılar