Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası İsrailin intensiv hücumlarına məruz qalan Qəzzada dərhal atəşkəs tələb edən qətnamə layihəsini qəbul edib.
Elchi.az xəbər verir ki, BMT İnsan Hüquqları Şurasının 55-ci Sessiyası çərçivəsində “İnsan hüquqlarının vəziyyəti və Şərqi Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərində hesabatlılıq və ədalətin təmin edilməsi öhdəliyi” adlı qətnamə layihəsi səsə qoyulub.
Səsvermədən əvvəl qanun layihəsi ilə bağlı danışan Pakistanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi, səfir Bilal Əhməd bəyan edib ki, “işğalçı güc” İsrail 7 oktyabr 2023-cü ildən Fələstin xalqının 75 illik faciəsində yeni dəhşətli səhifə açıb.
Əhməd deyib: “Qətnamə layihəsi, xüsusən də işğal olunmuş Fələstində qarşılaşdığımız geniş spektrli ciddi insan hüquqları pozuntularına cavab vermək üçün yenilənib. Mətn hərtərəfli və şəffaf məsləhətləşmələrin nəticəsidir.
“Qətnamənin preambulasında işğal olunmuş Fələstində, xüsusilə də Qəzzada yaranmış dramatik vəziyyətdən və günahsız mülki itkilərin qəbuledilməz dərəcədə yüksək olmasından dərin narahatlıq ifadə olunur”, o deyib.
Fələstinin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi, səfir İbrahim Xrayşi Fələstində humanitar fəlakətin şahidi olduqlarını bildirib.
Xrayşi ölkələri bütün dünyada “televiziya vasitəsilə canlı yayımlanan” və minlərlə günahsız fələstinlinin qətlə yetirildiyi bu “soyqırımı” dayandırmağa çağırıb.
Şayəstə Hüseynova