Banqladeşdə martın ortalarında başlayan yoluxma dalğası zamanı qızılca şübhəsi ilə həyatını itirən uşaqların sayının 1201-ə yüksəldiyi bildirilib.
Elchi.az xəbər verir ki, “Dhaka Tribune” qəzetinin məlumatına görə, Banqladeş Səhiyyə Nazirliyi nəzdindəki Səhiyyə Xidmətləri Baş İdarəsi ölkədəki qızılca epidemiyası ilə bağlı yenilənmiş məlumatları açıqlayıb.
Açıqlamada qeyd olunur ki, 15 mart tarixindən etibarən qızılcaya bənzər simptomları olan 1097 uşaq və qızılca diaqnozu qoyulmuş 104 uşaq dünyasını dəyişib.
Eyni dövrdə qızılca şübhəsi ilə 190 663 nəfər xəstəxanaya yerləşdirilib; onlardan 183 042-si sağalaraq evə buraxılıb.
Məlumatda bildirilir ki, qızılcaya bənzər simptomları olan şəxslərin ümumi sayı 214 551-ə, təsdiqlənmiş qızılca hallarının sayı isə 23 157-yə çatıb.
Bundan əlavə, son 24 saat ərzində 1307 şübhəli və 35 təsdiqlənmiş qızılca halının qeydə alındığı bildirilib.
Mart ayında ölkədə başladılan təcili peyvənd kampaniyası ilkin mərhələdə 6 aylıqdan 5 yaşa qədər olan uşaqlara yönəldilib, daha sonra isə peyvəndləmə prosesi mərhələli şəkildə genişləndirilərək bütün ölkəni əhatə edib.
Pnevmoniya və ensefalopatiya kimi ağırlaşmalara səbəb ola bilən qızılca, dünyada peyvəndlə qarşısı alına bilən ölüm hallarının əsas səbəblərindən biri olaraq qalır.
Şayəstə





















