Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin beynəlxalq nüfuzu artıq yalnız iqtisadi potensialı, hərbi imkanları və ya coğrafi mövqeyi ilə müəyyən olunmur. XXI əsrin geosiyasi reallıqları göstərir ki, qlobal təsir imkanlarını müəyyən edən əsas amillərdən biri dövlətlərin çoxtərəfli diplomatiyada tutduğu yer, beynəlxalq təşkilatlarda qazandığı etimad və qlobal qərarqəbuletmə proseslərində iştirak səviyyəsidir. Bu baxımdan beynəlxalq təşkilatların seçkili orqanlarında təmsilçilik, rəhbər strukturlarda iştirak və beynəlxalq seçkilərdə qazanılan qələbələr dövlətlərin diplomatik çəkisini göstərən mühüm meyarlardan hesab olunur.
Azərbaycan son illərdə məhz bu istiqamətdə diqqətəlayiq nəticələr əldə edib. Əgər müstəqilliyin ilk illərində xarici siyasətin əsas məqsədi beynəlxalq təşkilatlara inteqrasiya, yeni tərəfdaşlıqların qurulması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi idisə, bu gün ölkə artıq beynəlxalq sistem daxilində təşəbbüslər irəli sürən, çoxtərəfli əməkdaşlığın inkişafına töhfə verən və qlobal gündəliyin formalaşmasında iştirak edən dövlət kimi çıxış edir.
Azərbaycan diplomatik fəallığının əhatə dairəsini genişləndirir
Azərbaycan artıq 200-ə yaxın dövlətlə diplomatik münasibətlər qurub, dünyanın müxtəlif ölkələrində 90-dan çox diplomatik nümayəndəlik vasitəsilə təmsil olunur, 50-dən artıq beynəlxalq və regional təşkilatın tamhüquqlu üzvüdür. Son illər BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, UNESCO, ICESCO, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər çoxtərəfli platformalarda irəli sürdüyü təşəbbüslər, eləcə də beynəlxalq tədbirlərə ev sahibliyi Azərbaycanın diplomatik fəallığının əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişləndiyini göstərir.
Bu yüksəliş xüsusilə son beş ildə daha aydın müşahidə olunur. Qoşulmama Hərəkatına sədrliyin təşkilata üzv 120 dövlətin yekdil dəstəyi ilə bir il uzadılması beynəlxalq praktikada nadir hadisələrdən biri kimi qiymətləndirilir. Ardınca Azərbaycanın COP29-a ev sahibi seçilməsi də 200-ə yaxın dövlətin ölkəyə göstərdiyi etimadın növbəti təsdiqi oldu. Hər iki qərar Azərbaycanın təkcə regional deyil, qlobal səviyyədə də etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul olunduğunu nümayiş etdirdi.
Bu proses 2025-ci ildə daha konkret nəticələrlə müşayiət olundu. Azərbaycan ötən il beynəlxalq təşkilatların seçkili orqanlarına irəli sürdüyü 14 namizədliyin hamısı üzrə qələbə qazanaraq 100 faizlik nəticəyə nail olub. Bununla yanaşı, ölkə nümayəndələri BMT sisteminin müxtəlif qurumlarında, UNESCO, Ümumdünya Turizm Təşkilatı, ICESCO və digər beynəlxalq təşkilatların qərarverici strukturlarında təmsilçilik hüququ əldə ediblər.
Əldə olunan bu uğurlar ayrı-ayrı diplomatik nailiyyətlər deyil, uzunmüddətli və ardıcıl xarici siyasət strategiyasının məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Beynəlxalq seçkilərdə qazanılan qələbələr və çoxtərəfli institutlarda genişlənən təmsilçilik Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Bu diplomatik yüksəliş daha geniş geosiyasi transformasiyanın tərkib hissəsidir.
Heç bir regional layihə Azərbaycanın iştirakı olmadan gerçəkləşə bilməz
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov APA-ya bildirib ki, bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzu və siyasi çəkisi müstəqillik illərində ən yüksək səviyyəyə çatıb.

Onun sözlərinə görə, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycan həm regionda, həm də qlobal miqyasda orta güc funksiyasını yerinə yetirməyə başlayıb, qlobal və regional proseslərin fəal iştirakçısına çevrilərək müxtəlif təsir mexanizmləri formalaşdırıb.
Ekspert vurğulayıb ki, hazırda Cənubi Qafqazda hər hansı regional əhəmiyyətli layihənin Azərbaycanın iştirakı olmadan gerçəkləşməsi qeyri-mümkündür: “Təkcə Cənubi Qafqazda yox, eyni zamanda Mərkəzi Asiya və Şərqi Avropadakı proseslərdə də Azərbaycan birbaşa iştirak edir. Xüsusilə enerji və nəqliyyat layihələrində iştirak çox əhəmiyyətlidir və qaçılmazdır. Bu istiqamətdə Azərbaycan Respublikasının, onun Prezidenti cənab İlham Əliyevin yürütdüyü xarici siyasət mühüm nəticələr verməkdədir və bu nəticələrin bir hissəsi də Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyində öz əksini göstərməkdədir”.
Beynəlxalq təşkilatlarda əldə olunan bu nəticələrin arxasında yalnız statistik göstəricilər deyil, dövlətlər arasında formalaşmış siyasi etimad dayanır. Diplomatik praktikada seçkili orqanlara keçirilən səsvermələr hər bir ölkənin beynəlxalq nüfuzunun və tərəfdaşlıq əlaqələrinin real göstəricisi hesab olunur. Məhz buna görə də Azərbaycanın son illərdə beynəlxalq seçkilərdə qazandığı ardıcıl uğurlar ölkənin xarici siyasət kursuna göstərilən beynəlxalq dəstəyin praktiki ifadəsi kimi qiymətləndirilir.
Bu baxımdan 2025-ci ildə bütün namizədliklər üzrə qazanılan qələbə yalnız statistik göstərici deyil, Azərbaycanın çoxtərəfli diplomatiyada qazandığı etimadın və beynəlxalq mövqeyinin konkret təsdiqi kimi dəyərləndirilə bilər.
BMT sistemində rekord təmsilçilik: beynəlxalq etimadın yeni mərhələsi

Azərbaycan diplomatiyasının son illərdə qazandığı ən mühüm uğurlardan biri BMT-nin insan hüquqları mexanizmlərində təmsilçiliyinin əhəmiyyətli dərəcədə genişlənməsidir. Bu, ölkənin beynəlxalq fəaliyyətinin artıq yalnız siyasi, enerji və təhlükəsizlik məsələləri ilə məhdudlaşmadığını, insan hüquqları sahəsində də qlobal qərarqəbuletmə proseslərinin iştirakçısına çevrildiyini göstərir.
2026-cı ilin iyununda keçirilən seçkilər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Təkcə iyun ayında Azərbaycan BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinə (CEDAW), İnsan Hüquqları üzrə Komitəyə (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) üzv seçilib. Bu qurumlara keçirilən seçkilər yüksək rəqabət şəraitində baş tutur və namizədlərin peşəkarlığı ilə yanaşı, onları irəli sürən dövlətlərin beynəlxalq nüfuzu da həlledici amillərdən biri hesab olunur.
Bu uğur əvvəlki illərdə formalaşmış diplomatik xəttin davamı oldu. Azərbaycan artıq İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitədə (CESCR) və Əməkçi Miqrantlar üzrə Komitəsində (CMW) də təmsil olunur. Bununla ölkəmiz BMT-nin insan hüquqları üzrə fəaliyyət göstərən on müqavilə qurumundan beşində təmsil olunan azsaylı dövlətlərdən birinə çevrilib.
Rəsmi məlumatlara əsasən, bu göstəriciyə görə Azərbaycan Çinlə birlikdə BMT-yə üzv 193 dövlət arasında ikinci və üçüncü yerləri bölüşür. Bu fakt beynəlxalq diplomatik praktikada ölkəyə göstərilən etimadın və çoxtərəfli əməkdaşlıqda qazandığı nüfuzun mühüm göstəricilərindən hesab olunur.
Vasif Hüseynovun fikrincə, son aylarda əldə olunan nəticələr də bu etimadın davamlı xarakter daşıdığını göstərir.
“Təsadüfi deyil ki, son bir ay ərzində Azərbaycanın üç mühüm beynəlxalq təşkilata namizədliyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib və Azərbaycan həmin təşkilatların qərarverici orqanlarında iştirak etməyə başlayıb. Onun sözlərinə görə, bu tip fəaliyyət və beynəlxalq münasibətlər sistemində belə aktiv iştirak Azərbaycanın nüfuzunun daha da yüksəlməsinə gətirib çıxarır”.
Beynəlxalq seçkilər diplomatik etimadın real göstəricisidir
Diplomatik praktikada beynəlxalq təşkilatların seçkili orqanlarına keçirilən seçkilər dövlətlər arasında formalaşmış etimadın ən obyektiv göstəricilərindən hesab olunur. Hər bir səs uzunmüddətli diplomatik fəaliyyətin, ikitərəfli münasibətlərin və çoxtərəfli əməkdaşlığın nəticəsini əks etdirir. Bu səbəbdən beynəlxalq seçkilərdə qazanılan uğurlar yalnız statistik göstərici deyil, dövlətin xarici siyasət kursuna verilən siyasi qiymət kimi qəbul olunur.
Azərbaycanın son illər müxtəlif regionları təmsil edən dövlətlərin dəstəyini qazanması onun çoxtərəfli diplomatiyada etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. 2025-ci ildə irəli sürülən bütün namizədliklərin qalib gəlməsi də bu etimadın praktik ifadəsi idi və beynəlxalq seçki diplomatiyasında nadir nəticələrdən biri kimi qiymətləndirilir.
Vasif Hüseynovun sözlərinə görə, Azərbaycanın son illərdə qazandığı nəticələr ölkəyə göstərilən beynəlxalq etimadın təzahürüdür: “Azərbaycan Respublikası bu gün beynəlxalq təşkilatların mühüm iştirakçısı və orada aktiv rol oynayan dövlətlərdən biridir. Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarda təmsilçiliyi, xüsusilə seçkili orqanlarda Azərbaycanın iştirakı son illərdə əhəmiyyətli dərəcədə artıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir”.
Ekspert bildirib ki, bunun nəticəsi olaraq 2025-ci ildə beynəlxalq təşkilatların seçkili orqanlarına irəli sürülmüş bütün namizədliklər uğur qazanıb: “14 namizədliyin hər biri üzrə Azərbaycan beynəlxalq təşkilatlarda dəstək əldə edib və öz təmsilçiliyini təmin edə bilib. Bu uğurlar cari ildə də davam edib. Təsadüfi deyil ki, son bir ay ərzində Azərbaycanın üç mühüm beynəlxalq təşkilata namizədliyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib və Azərbaycan bu təşkilatların qərarverici orqanlarında iştirak etməyə başlayıb. Bunlar BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi, İnsan Hüquqları üzrə Komitə və Uşaq Hüquqları Komitəsidir”.
Azərbaycan xarici siyasətinin universallığı
Son illərdə əldə olunan mandatların təhlili göstərir ki, Azərbaycanın beynəlxalq təşkilatlardakı uğurları hər hansı bir sahə ilə məhdudlaşmır. Ölkənin təmsil olunduğu qurumlar və seçkili orqanlar insan hüquqları, dayanıqlı inkişaf, turizm, miqrasiya, sosial siyasət, ətraf mühit, mədəni irs və humanitar əməkdaşlıq kimi müxtəlif istiqamətləri əhatə edir.
Bu tendensiya Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakter aldığını göstərir. Müasir beynəlxalq münasibətlərdə dövlətlərin nüfuzu artıq yalnız siyasi və təhlükəsizlik məsələləri ilə müəyyən olunmur. Dayanıqlı inkişaf, sosial siyasət, gender bərabərliyi, iqlim dəyişmələri, humanitar əməkdaşlıq və mədəni irsin qorunması da qlobal gündəliyin əsas istiqamətlərinə çevrilib. Azərbaycanın müxtəlif sahələr üzrə beynəlxalq platformalarda fəallığı ölkənin çoxtərəfli diplomatiyasının məhz bu çağırışlara uyğun inkişaf etdiyini göstərir.
Bu dəyişiklik ölkənin beynəlxalq imicinə də təsir edib. Əgər əvvəllər Azərbaycan daha çox enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri ilə əlaqələndirilirdisə, son illər insan hüquqları, iqlim diplomatiyası, mədəniyyətlərarası dialoq və humanitar əməkdaşlıq sahələrində də fəal iştirak edən dövlət kimi qəbul olunur.
UNESCO və mədəni diplomatiya: Azərbaycanın “yumşaq güc” siyasəti
Azərbaycanın beynəlxalq təşkilatlarda artan fəallığı siyasi və hüquqi platformalarla da məhdudlaşmır. UNESCO və digər ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlıq göstərir ki, ölkə xarici siyasətdə “yumşaq güc”dən də ardıcıl istifadə edir.
UNESCO çərçivəsində Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin beynəlxalq siyahılara daxil edilməsi, tarixi və mədəni irsin qorunmasına yönəlmiş təşəbbüslər, mədəniyyətlərarası dialoqu təşviq edən layihələr və beynəlxalq humanitar proqramlar Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin əsas elementlərini təşkil edir.
Bu fəaliyyət nəticəsində Azərbaycan təkcə zəngin mədəni irsə malik ölkə kimi deyil, həm də dünya mədəni irsinin qorunmasına töhfə verən məsuliyyətli tərəfdaş kimi tanınır.
Mədəni diplomatiyanın əhəmiyyəti isə yalnız humanitar sahə ilə məhdudlaşmır. O, dövlətlər arasında etimadın möhkəmlənməsinə, yeni əməkdaşlıq platformalarının yaranmasına və ölkənin beynəlxalq imicinin güclənməsinə xidmət edən mühüm diplomatik vasitələrdən biridir. Azərbaycanın UNESCO çərçivəsində həyata keçirdiyi fəaliyyət də məhz bu məqsədlərə xidmət edir.
Beynəlxalq təşkilatlarda təmsilçilik: yeni imkanlar
Beynəlxalq təşkilatların qərarverici strukturlarında iştirak dövlətlərə yalnız nüfuz qazandırmır, eyni zamanda qlobal hüquqi və institusional proseslərə daha yaxından qoşulmaq imkanı yaradır. Müxtəlif beynəlxalq mexanizmlərdə fəaliyyət göstərən Azərbaycanlı təmsilçiləri yeni təşəbbüslərin hazırlanmasında iştirak edir, çoxtərəfli əməkdaşlıq əlaqələrini genişləndirir və ölkənin mövqeyinin beynəlxalq platformalarda daha dolğun təqdim olunmasına töhfə verirlər.
Vüsal Hüseynovun fikrincə, Azərbaycanın beynəlxalq təşkilatların qərarverici orqanlarında iştirak etməsi dövlətimizə marağın artmasına şərait yaradır: “Mühüm qərarların verilməsi zamanı müxtəlif dövlətlər, beynəlxalq ictimaiyyətin müxtəlif üzvləri Azərbaycanın dəstəyini qazanmaq üçün ölkəmizə müraciət edir və münasibətlərini dərinləşdirmək istiqamətində addımlar atır. Bu isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artıq təkcə iştirakçı deyil, qərarların qəbuluna təsir göstərə bilən aktor kimi qəbul edilməsinin göstəricisidir”.
Bu yanaşma göstərir ki, Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti artıq yalnız təmsilçiliklə məhdudlaşmır. Ölkə çoxtərəfli diplomatiyanın müxtəlif istiqamətlərində iştirak etməklə beynəlxalq əməkdaşlıq şəbəkəsini genişləndirir və qlobal gündəlikdə mövqeyini möhkəmləndirir.
Azərbaycanın diplomatik kapitalı

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin uğuru yalnız əldə etdikləri mandatların sayı ilə ölçülmür. Əsas göstəricilərdən biri uzunmüddətli dövrdə formalaşdırılan diplomatik kapitalın real siyasi nəticələrə çevrilə bilməsidir. Son illər Azərbaycanın beynəlxalq təşkilatlarda qazandığı uğurlar da məhz bu baxımdan qiymətləndirilməlidir.
Qlobal geosiyasi rəqabətin dərinləşdiyi, çoxtərəfli institutların yeni çağırışlarla üzləşdiyi şəraitdə beynəlxalq təşkilatların seçkili orqanlarında geniş dəstək qazanmaq əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb prosesə çevrilib. Belə bir mühitdə Azərbaycanın ardıcıl uğurları ölkənin müxtəlif siyasi və regional platformalarda etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir.
Bu mövqe yalnız beynəlxalq nüfuzun göstəricisi deyil, eyni zamanda Azərbaycanın xarici siyasətinin praktik nəticəsidir. Çoxtərəfli diplomatiyada əldə olunan təcrübə ölkənin institusional imkanlarını genişləndirir, yeni beynəlxalq əməkdaşlıq formatlarının yaranmasına şərait yaradır və diplomatik məktəbin inkişafına əlavə töhfə verir.
Vasif Hüseynov hesab edir ki, Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakını və diplomatiyanın uğurlarını yüksək qiymətləndirmək üçün kifayət qədər əsas var: “Bu istiqamətdə əldə olunan nailiyyətlər dövlətimizə milli maraqlarını beynəlxalq münasibətlər sistemində daha uğurlu şəkildə müdafiə etmək, həm regional iqtisadi layihələrdə, həm də geosiyasi layihələrdə qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün əlavə imkanlar yaradır”.
Ekspertin sözlərinə görə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqe balanslaşdırılmış xarici siyasətin məntiqi nəticəsidir.
BMTM şöbə müdirinin fikirlərindən də göründüyü kimi, beynəlxalq təşkilatlarda təmsilçilik artıq yalnız diplomatik status məsələsi deyil. Bu, Azərbaycanın regional və qlobal proseslərdə mövqeyini möhkəmləndirən, çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirən və milli maraqların müdafiəsini gücləndirən strateji alətə çevrilib.
Vasif Hüseynov da hesab edir ki, beynəlxalq təşkilatlarda əldə olunan uğurlar Azərbaycanın qarşıdakı dövrdə milli maraqlarını beynəlxalq münasibətlər sistemində daha uğurlu şəkildə müdafiə etməsinə şərait yaradacaq: “Bu uğurlar həm regional iqtisadi layihələrdə, həm də geosiyasi təşəbbüslərdə ölkənin qarşıya qoyduğu strateji məqsədlərə nail olmasına əlavə imkanlar açır.”
Azərbaycan beynəlxalq müstəvidə vacib aktordur

Son illər əldə olunan nəticələr göstərir ki, Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ölkə artıq yalnız beynəlxalq platformalarda iştirak edən dövlət deyil, müxtəlif istiqamətlər üzrə təşəbbüslər irəli sürən, qərarların hazırlanmasına töhfə verən və geniş beynəlxalq dəstək qazanan aktor kimi çıxış edir.
Bunun əsas səbəblərindən biri Azərbaycanın siyasi, hüquqi, humanitar və mədəni diplomatiyanı vahid xarici siyasət strategiyası çərçivəsində uzlaşdırmasıdır. İnsan hüquqları sahəsində artan təmsilçilik, beynəlxalq seçkilərdə ardıcıl uğurlar, UNESCO və digər ixtisaslaşmış qurumlarla əməkdaşlıq, COP29 kimi qlobal platformalara ev sahibliyi və müxtəlif çoxtərəfli təşəbbüslərdə fəal iştirak ölkənin beynəlxalq fəaliyyətinin bir-birini tamamlayan istiqamətlərini təşkil edir.
Bu nəticələr onu göstərir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində formalaşdırdığı etimadı tədricən daha geniş siyasi təsir imkanlarına çevirə bilir. Məhz bu amil ölkənin beynəlxalq təşkilatlardakı mövqeyini möhkəmləndirir, çoxtərəfli diplomatiyada rolunu artırır və milli maraqlarının qlobal səviyyədə daha səmərəli müdafiəsi üçün yeni imkanlar yaradır.




















