Prezident İlham Əliyevin liderliyi ilə Bakı beynəlxalq gündəliyin aktual məsələlərinin müzakirə olunduğu, müxtəlif dövlətləri və beynəlxalq təşkilatları bir araya gətirən platforma kimi çıxış edir. Bakıda işinə başlayan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu prosesin növbəti nümunəsidir. Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin iştirak etdiyi forumda mədəniyyətlərarası münasibətlər, sülh, təhlükəsizlik və qlobal problemlərin həlli yolları müzakirə olunur. Beynəlxalq münasibətlərdə ziddiyyətlərin dərinləşdiyi, qarşılıqlı etimadın sınağa çəkildiyi bir dövrdə Bakının belə müzakirələrə ev sahibliyi etməsi xüsusi diqqət doğurur. Azərbaycanın irəli sürdüyü təşəbbüslər ölkəmizin beynəlxalq dialoqda iştirakını genişləndirir, Bakının dünya miqyasında siyasi və mədəni müzakirələrin ünvanlarından biri kimi mövqeyini gücləndirir. Forumun əhəmiyyəti də dövlətləri bir araya gətirməklə yanaşı ortaq problemlərin həlli üçün fikir mübadiləsinə və qarşılıqlı anlaşmaya şərait yaratmasındadır.
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında səsləndirdiyi fikirlər dünyanın diqqətini cəlb etdi. Dövlət başçısı çıxışında Azərbaycanın tarixi və coğrafi mövqeyinə, multikulturalizm ənənələrinə, milli birliyə, dövlət müstəqilliyinin qorunmasına, ərazi bütövlüyünün bərpasına, beynəlxalq hüquqa və dünya siyasətindəki ikili standartlara geniş yer ayırdı. Səsləndirilən fikirlər ölkəmizin keçdiyi tarixi yolu, müstəqil dövlətçilik təcrübəsini və beynəlxalq münasibətlərə yanaşmasını əks etdirirdi. Azərbaycanın Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsi ölkəmizə tarixən fərqli mədəniyyətlər arasında özünəməxsus yer qazandırıb. Əsrlər boyu müxtəlif xalqların və dini icmaların yaşadığı bu coğrafiyada formalaşan ənənələr xalqımızın mədəni irsinin ayrılmaz hissəsidir. Prezident İlham Əliyev multikulturalizm, dini və etnik dözümlülük ənənələrinin xalqımız tərəfindən əsrlər boyu qorunduğunu vurğuladı, cəmiyyətdəki ahəngdarlığı sabit inkişafımızın əsas amillərindən biri kimi səciyyələndirdi.
Azərbaycanın multikulturalizm təcrübəsi müxtəlif xalqların və dini icmaların hüquq bərabərliyinə, qarşılıqlı hörmətə və ortaq dövlətçilik dəyərlərinə əsaslanır. Prezidentin çıxışında azərbaycançılıq ideyasına yer ayrılması da milli həmrəyliyin dövlətçiliyimiz üçün əhəmiyyətini göstərir. Azərbaycançılıq ölkəmizdə yaşayan müxtəlif etnik qrupları vahid dövlətçilik ideyası ətrafında birləşdirən, müstəqilliyimizin və milli birliyimizin qorunmasına xidmət edən əsas prinsiplərdəndir.
Dövlət başçısı Azərbaycanın müstəqillik tarixindən danışarkən xalqımızın müxtəlif siyasi sistemlərdə yaşamasına baxmayaraq, dilini, milli dəyərlərini, adət-ənənələrini və həyat tərzini qoruyub saxladığını bildirdi. Müstəqilliyin bərpası ilə Azərbaycan öz taleyinin sahibinə çevrildi, milli maraqlarını müdafiə etmək və dövlətçiliyini möhkəmləndirmək imkanı qazandı. Prezident İlham Əliyevin çıxışında Qarabağ münaqişəsinin həlli, beynəlxalq hüquq və ikili standartlar məsələsi də geniş yer tutdu. Dövlət başçısı uzun illər davam edən danışıqların nəticəsiz qalmasını və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasını xatırladaraq Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməklə ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini vurğuladı. Azərbaycanın təcrübəsi göstərdi ki, beynəlxalq hüququn prinsipləri kağız üzərində qalmamalı, qəbul edilən qərarlar həyata keçirilməlidir. Prezidentin ikili standartlara münasibəti də bu məsələyə əsaslanırdı. Dövlət başçısı beynəlxalq münasibətlərdə dövlətlərin suverenliyinə və hüquq bərabərliyinə hörmətin vacibliyini diqqətə çatdırdı.
Beləliklə, “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq dialoqun inkişafına, sülhün qorunmasına və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə verdiyi töhfəni bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı ölkəmizin tarixi təcrübəsini, milli birliyini, müstəqil mövqeyini və beynəlxalq hüquqa əsaslanan yanaşmasını əks etdirdi. Forum bir daha təsdiqlədi ki, ortaq gələcəyin qurulması qarşılıqlı hörmətə, ədalətə və dövlətlərin suverenliyinə hörmətlə yanaşılmasına əsaslanmalıdır.
Cavid Əliyev,
YAP fəalı





















