“2020-ci ilin 10 noyabr bəyannaməsinə uyğun olaraq Rusiya, xüsusən də Vladimir Putin avqustun 25-nə qədər Laçından, Zabuxdan bütün erməniləri çıxartmalıdır. Əks halda Azərbaycan Ordusu antiterror əməliyyatı etməli olacaq”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərinə görə, Rusiya buna borculudur:
“Biz bütün anlaşmanı Rusiya ilə etmişik. Rusiyanın üzərinə düşəcək öhdəlikləri var. Putin çox yaxşı bilir ki, İlham Əliyev bir dövlət başçısı kimi Azərbaycanın milli maraqlarından bir addım belə çəkilməyəcək. Həm də sözünə və imzasına əməl edən şəxsdir. Azərbaycan bu gün Qərbin Rusiyaya qarşı ən ağır və sərt sanksiyalarına qoşulmayıb. Qardaş Türkiyə ilə bərabər. Rusiya Azərbaycanın artıq müttəfiqidir”.
Niyaməddin Orduxanlı bu yaxınlarda üç ölkə liderinin Qarabağ tənzimlənməsinə dair Moskvada keçiriləcək görüşünə də toxunub:
“Noyabrın 10-u 2020-ci ildə 3 ölkə liderinin imzaladığı Birgə Bəyanatda Laçın rayonunun işğalçılardan nəzərdə tutulandan daha tez təmizlənməsi bizim növbəti uğurumuz, düşmənlərin isə növbəti dəfə mənən sındırılmasıdır. Bununla yanaşı, Bəyanatın 9-cu bəndinə görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Bəyanatın 7-ci maddəsinə əsasən, qaçqınlar Qarabağa BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında geri qayıtmalıdır. Soyqırımdan xilas ola bilmiş Xocalı sakinlərinin öz yurdlarına qayıdış məsələsi artıq gündəmə gətirilməlidir. Bu görüşdə də Azərbaycan öz qəti mövqeyində israrla qalacağını və imzalanmış bəyannamənin bütün bəndlərinin yerinə yetirilməsini tələb edəcək”.
Yeganə