Aqanbekyanın oğlu Azərbaycanın pullarına nəzarət edəcək


Virtualaz.org saytı xəbər verir ki, bu informasiya “Росимущество”nun materiallarında yer alıb.
Aqanbekyan soyadı azərbaycanlılara yaxşı tanış olduğundan bu təqdimat maraq və suallar doğurmaya bilməz. Sual yaranır: Ruben Aqanbekyan 80-ci illərin sonlarında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının əsas təşəbbüskarlarından biri olan, bunun hətta “iqtisadi əsasları”nı da hazırlayan (bu mülahizələr özünü sonradan əsla doğrultmasa da) həmin o bədnam akademik Abel Aqanbekyanın qohumu, yaxını deyil ki?
Hətta səthi bir araşdırma da bu suala cavab tapmağa kifayət etdi. Məlum oldu ki, Ruben Aqanbekyan erməni mənşəli sovet iqtisadçı-alimi, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya hökuməti yanında Xalq Təsərrüfatı Akademiyasının rektoru Abel Aqanbekyanın doğmaca oğludur.
Abel Aqanbekyan yenidənqurma illərində Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olub. SSRİ-nin dağılmasına var gücləri ilə çalışanlar arasında məhz bu iki şəxs - A.Aqanbekyan və Qorbaçovun digər erməni köməkçisi Georgi Şahnazarov da var idi.
Bəri başdan və açıq demək lazımdır ki, Ruben Aqanbekyanın VTB-yə namizədliyi Azərbaycan üçün qətiyyən məqbul sayıla bilməz. Əlbəttə, Rusiya öz bankının rəhbər orqanlarına kimi istəsə, onu da təyin edə bilər, buna hüququ var. Lakin indiki halda bu məsələnin Azərbaycanın maraqlarına birbaşa aidiyyəti var. Bunu anlamaq üçün xüsusi istedad və ya bilik sahibi olmağa ehtiyac yoxdur.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov artıq VTB Müşahidə Şurasında üzv kimi təmsil olunur. Özü də Mövsümovu bu şuranın tərkibinə, necə deyərlər, qara qaşına-gözünə görə qəbul etməyiblər. Məsələ burasındadır ki, Azərbaycan Dövlət Neft Fondunun böyük məbləğdəki vəsaitləri bu banka sərmayə kimi yatırılıb. Bu mənada Ş.Mövsümovun həmin pullarla necə davranıldığını müşahidə etmək, proseslərə nəzarət etmək hüququ var. Azərbaycanın Dövlət Neft Fondu VTB-nin səhmlərinin 2,99 faizini həə ötən il 500 milyon dollara alıb. Buna görə də Ş.Mövsümov VTB Müşahidə Şurasına müstəqil üzv kimi daxil olub.