“Apple” öz elektrik avtomobilinin yaradılmasından imtina edib, diqqətini süni intellekt texnologiyalarının inkişafına yönəltmək qərarına gəlib.
Onların sözlərinə görə, fevralın 27-də şirkət rəhbərliyi avtomobilin hazırlanmasında iştirak edən 2 min işçini qərarları barədə məlumatlandırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Bloomberg”in məlumatına görə, elektromobilin yaradılmasından imtina “Apple”ın əməliyyatlar üzrə baş direktoru Ceff Uilyams və layihəyə cavabdeh olan vitse-prezident Kevin Linç tərəfindən dəstəklənib. Layihədə iştirak edən işçilər şirkət üçün prioritet sahəyə çevrilmiş süni intellektin inkişafı şöbəsinə köçürüləcək.
Apple 2014-cü ildə elektromobil üzərində işləməyə başlayıb, lakin dəfələrlə çətinliklərlə üzləşib. Şirkət layihənin idarə edilməsi və komanda strategiyasını bir neçə dəfə dəyişdi. “Bloomberg” qeyd edir ki, çətinliklər digər məsələlərlə yanaşı, pilotsuz idarəetmə texnologiyasının tətbiqi ilə də bağlı olub. Bu arada, son aylarda elektriklə işləyən avtomobillərə tələbat azalıb.
“Apple” sonuncu dəfə avtomobilin buraxılışını 2028-ci ilə qədər təxirə salmışdı. Onun dəyəri təxminən 100 min dollar ola bilər. Şirkət rəhbərliyi layihənin Apple-ın məhsullarından əldə etdiyi gəliri təmin edəcəyinə şübhə edir. İdarə Heyəti, nəticə verməyəcək bir layihə üçün “ildə yüz milyonlarla dollar xərcləmə” ehtiyacını da şübhə altına aldı.
Nuranə Məmmədova