Amerikanın ünlü saytında erməni məqaləsi - ”Dağlıq Qarabağ”ı unudun
Atamyanın bu iddiasına Azərbaycandan kimsə bu cavab verəcəkmi ?
“The Huffington Post.com” saytı Kristofer Atamyanın (Christopher Atamian) məqaləsini yayımlayıb. Sırf erməni təbliğatına hesablanmış yazıda erməni müəllif Dağlıq Qarabağla bağlı Ermənistan - Azərbaycan arasında baş verən son münaqişəyə də toxunub. Ermənilərin azərbaycanlılardan daha intellektual olduğunu iddia edən müəllif yazır ki, Dağlıq Qarabağ nə zorla, nə də xoşluqla Azərbaycanın nəzarətinə qayıtmayacaq. O, hesab edir ki, Azərbaycan bu itki ilə barışmalıdır. Və Türkiyə ilə birlikdə Ermənistanla sərhədləri açıb iqtisadi və siyasi münasibətləri bərpa etməlidir.
Bizlərə Qarabağı unutmağı tövsiyə edən Atamyan iddia edir ki, bir də müharibə başlasa Azərbaycan ərazilərinin bir hissəsini yenidən itirəcək. Çünki ermənilərin hərbi potensialı azərbaycanlılardan üstündür.
Özünü sülh tərəfdarı kimi təqdim edən müəllif Dağlıq Qarabağın ermənilər tərəfindən işğalına bəraət qazandırır. Bildirir ki, Azərbaycandan 300 min erməni qovulub, Ermənistandan və formal olaraq Azərbaycan ərazisi elan olunan yerlərdən isə 450 min azərbaycanlı çıxarılıb. Gördüyünüz kimi erməni müəllif hətta Qərb mənbələrində fakt kimi qeydə alınmış statistik göstəriciləri də çəkinmədən saxtalaşdır.
Təbii ki, Qərb mediasında ara-sıra bu kimi yazılar gedir. Amma bizlərin bu kimi yazılara cavab haqqı da var. Nədən Azərbaycan Xarici İşlər nazirliyində çalışan ekspertlər bu kimi yazılara gərəkli cavab hazırlamasın? Düşünürük ki, Qərbin media ilə bağlı tələblərindən irəli gələn cavab haqqından belə hallarda mütləq yararlanmaq lazımdır.
Elbəyi Həsənli (Sürix)