Tədqiqatçılar güclü təsirə malik anesteziya dərmanını əvvəlkindən daha yavaş ifraz etmək məqsədilə mikroskopik lipid daşıyıcılarının quruluşunu yenidən tərtib ediblər. Siçanlar üzərində aparılan tədqiqatda bu üsul yerli anesteziyanın təsir müddətini saatlardan həftələrə qədər uzadıb və əməliyyatdan sonrakı ağrıların uzunmüddətli aradan qaldırılması üçün yeni imkanlar açıb.
Elchi.az xəbər verir ki, bu nəticələr tədqiqatçılara insanlarda yerli anesteziyanın təsir müddətini uzatmağa kömək edə bilər.
Məlumdur ki, cərrahi əməliyyatdan sonra sağalan xəstələrə əksər yerli anesteziya üsullarının təmin etdiyi səkkiz-on iki saatlıq və ya maksimum bir günlük müddətdən daha uzun müddət ərzində ağrıkəsici təsir lazım ola bilər.
Daha uzunmüddətli təsir göstərən bir üsul axtarışında olan Boston Uşaq Xəstəxanasının tədqiqatçıları, dərmanı daha yavaş ifraz etmələri üçün yağ molekullarından ibarət mikroskopik daşıyıcılar olan liposomların quruluşunu yenidən tərtib ediblər.
Kommersiya məqsədli preparatın təxminən dörd-səkkiz saatlıq təsiri ilə müqayisədə, yeni preparatın siçanlarda yerli anesteziya təsirini iki-üç həftə ərzində qoruyub saxladığı müşahidə edilib.
Dərmanların liposomlardan sızma mexanizminin yenidən qiymətləndirilməsi
Həkimlər onilliklər ərzində dərmanların tədricən ifraz olunması üçün liposomlardan istifadə etsələr də, dərmanın liposomlardan sızma sürəti lipidlər adlanan yağ komponentləri tərəfindən müəyyən edilir.
Alimlər adətən belə hesab edirdilər ki, daha boş yerləşmiş və daha axıcı xüsusiyyətə malik lipidlər dərmanların daha sürətlə sızmasına şərait yaradır. Məlumdur ki, bu cür sürətli ifraz daha güclü, lakin qısamüddətli təsir yarada və toksiklik riskini artıra bilər. Dr. Daniel Kohanenin laboratoriyasında tədqiqatçı mühəndis işləyən Dr. Yuan Vanq suda həll olan dərmanların fərqli davranış nümayiş etdirdiyini aşkar edib. Məlum olub ki, suda asanlıqla qarışan və ya həll olan (hidrofil adlandırılan) bu dərmanlar daha axıcı liposomlardan son dərəcə yavaş sızır.
Şayəstə





















