Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas İsrailin məqsədinin Qəzzanı bütünlüklə ələ keçirmək olduğunu, ərazidə hər hansı bir dəyişiklik və əhalinin məcburi köçkünlüyünün beynəlxalq hüququn pozulması olacağını və buna görə də Təl-Əvivə təzyiqin artırılmasının vacibliyini bildirib.
Elchi.az xəbər verir ki, Kallas, İsrailin Qəzzadakı hərəkətlərinin ilk dəfə olaraq “soyqırım” kimi gündəmə gətirildiyi Avropa Parlamentinin (AP) Baş Assambleyasının iclasında çıxış edib.
“Qəzzada soyqırımın dayandırılması: AB sanksiyalarının vaxtıdır” başlıqlı iclasda millət vəkillərinin sərt tənqidlərinə məruz qalan Kallas, İsrailin hərəkətlərinin “özünü müdafiə etməkdən kənara çıxdığını” vurğulayıb.
Kallas, Qəzzada fələstinlilərə tətbiq edilən qida və dərman blokadasının “İsraili qorumadığını”, əksinə “onilliklər boyu davam edən humanitar prinsipləri” sarsıtdığını bildirib.
50-dən çox fələstinlinin un növbəsini gözləyərkən İsrail hərbçiləri tərəfindən öldürülməsi ilə bağlı son xəbərləri xatırladan Kallas xəbərdarlıq edib: “Humanitar vəziyyət pisləşir”.
İsrailin qeyri-mütənasib güc tətbiq etdiyini, mülki infrastrukturu dağıddığını və “qəbuledilməz ölənlərin sayına” səbəb olduğunu bildirən Kallas, Qəzza əhalisinin 90 faizinin köçkün düşdüyünü, qalanlarının isə tamamilə humanitar yardımdan asılı olduğunu bildirib.
Nuranə Məmmədova


















