Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin maliyyələşdirilməsinə töhfə verdikləri əsası ilə 12 fiziki şəxsə və 101 quruma qarşı sanksiya tətbiq etmək qərarına gəlib.
Elchi.az xəbər verir ki, Aİ Şurası bildirib ki, üzv dövlətlər Rusiyanın Ukraynadakı mülki infrastrukturu hədəf alan hücumlarına cavab olaraq əlavə məhdudlaşdırıcı tədbirlər qəbul ediblər.
Bəyanatda qeyd olunur ki, sanksiya siyahısına təxminən 50 bank və maliyyə qurumu əlavə edilib. Aİ, Rusiya bank sektoruna qarşı sanksiyaları genişləndirməklə, dövlət gəlirlərinin köçürülməsini və müharibənin maliyyələşdirilməsini asanlaşdıran maliyyə kanallarını kəsməyi hədəfləyir.
Sənəddə həmçinin bildirilir ki, Rusiyanın elektron ticarət sektoru da hədəf alınıb; bundan əlavə, Rusiyanın neft və enerji sektorlarında fəaliyyət göstərən şirkətlər və iş adamları da sanksiyaların əhatə dairəsinə daxil edilib.
Qeyd olunub ki, siyahıya əlavə edilən şirkətlər neft emalı zavodlarını (o cümlədən Sankt-Peterburq Neft Terminalını) idarə edir, həmçinin neft kəşfiyyatı və hasilatı fəaliyyətləri ilə məşğul olurlar.
Bəyanatda Rusiyanın “kölgə donanması”na qarşı görülən tədbirlərə də diqqət çəkilib; belə ki, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Seyşel adaları və Omanda yerləşən, Rusiya mənşəli xam neft və neft məhsullarını satın alan müxtəlif şirkətlər də siyahıya daxil edilib.
Bundan əlavə, Aİ sanksiyalarına məruz qalan gəmilərə sahib olan və ya onları idarə edən, Rusiya neftini qeyri-qanuni yollarla daşıyan və ya yüksək riskli dəniz daşımaları fəaliyyəti ilə məşğul olan bəzi iş adamlarının da hədəf alındığı bildirilir. Qərara əsasən, siyahıya daxil edilən fiziki və hüquqi şəxslərin aktivləri dondurulur, onlara birbaşa və ya dolayısı yolla vəsait və ya iqtisadi resursların verilməsi qadağan edilir. Həmçinin, sanksiyaya məruz qalan şəxslərin Aİ-yə səyahət etməsinə qadağa qoyulur.
Aİ Şurasının məlumatına görə, bu sanksiyalar təxminən 4600 fiziki və hüquqi şəxsi əhatə edir.
Şayəstə





















