Uzun müzakirələrdən sonra ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım da daxil olmaqla 95,3 milyard dollarlıq ümumi dəstək paketini təsdiqləyib.
Elchi.az xəbər verir ki, ABŞ Senatı Respublikaçılar Partiyasında ölkənin xaricdəki rolu ilə bağlı aylarla davam edən müzakirələrdən sonra Ukrayna, İsrail və Tayvana yardım da daxil olmaqla 95,3 milyard dollarlıq ümumi dəstək paketini təsdiqləyib.
Səsvermədən əvvəl bir qrup respublikaçı senator Ukraynaya 60 milyard dollarlıq yardımın əleyhinə çıxıb və ABŞ-ın xaricə pul göndərməkdənsə, öz problemlərini həll etməli olduğunu müdafiə edib.
Səsvermə zamanı 70 senator lehinə, 29 senator isə əleyhinə səs verib.
Demək olar ki, bütün Demokrat senatorlar və 22 Respublikaçı senator yardım paketinin lehinə səs verib.
“Bəli” deyənlər Ukraynanın təkbaşına buraxılmasının “Rusiya prezidenti Vladimir Putini cəsarətləndirəcəyini” və bütün dünyada milli təhlükəsizliyi təhlükə altına atacağını iddia ediblər.
Yardım paketinə Ukraynaya “Rusiyaya qarşı mübarizəni dəstəkləmək üçün” 60 milyard dollar, İsrailə “təhlükəsizliyə yardım göstərmək üçün” 14 milyard dollar və Tayvanı və Hind-Sakit okean regionunda ABŞ-ın digər müttəfiqlərini dəstəkləmək üçün 8 milyard dollar daxildir.
Senat tərəfindən təsdiqlənən paket təsdiq üçün Nümayəndələr Palatasına təqdim ediləcək.ABŞ prezidenti Co Baydenin paketi imzalaması üçün paket Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir.
Nuranə Məmmədova