AP: ABŞ Bayden dövründə təyin olunmuş 29 diplomatik nümayəndəlik rəhbərini geri çağırır.
Elchi.az xəbər verir ki, Associated Press agentliyinin Dövlət Departamentinin iki rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ administrasiyası xaricdəki 29 diplomatik nümayəndəlik rəhbərini geri çağırmağı planlaşdırır.
Rəsmilərin sözlərinə görə, diplomatlara ötən həftə səlahiyyət müddətlərinin 2026-cı ilin yanvar ayında başa çatacağı barədə məlumat verilib. Onların hamısı ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə vəzifələrinə təyin ediliblər.
Agentliyin mənbələri aydınlaşdırıb ki, geri çağırılan diplomatik nümayəndəlik rəhbərləri diplomatik xidmətdəki vəzifələrini itirməyəcəklər. İstəsələr, Vaşinqtona qayıda və başqa vəzifələr tuta biləcəklər.
Dövlət Departamenti səfirlərin dəqiq sayını açıqlamaqdan imtina edib, lakin izah edib ki, bu cür kadr dəyişiklikləri istənilən administrasiya üçün standart təcrübədir. Departament həmçinin vurğulayıb ki, səfir prezidentin şəxsi nümayəndəsi hesab olunur və o, öz ölkələrində xidmət edən diplomatların “Amerika Birinci” gündəliyini təşviq etmələrini təmin etmək hüququna malikdir. AP-nin qeyd etdiyi kimi, geri çağırılma hallarının ən çoxu Afrika ölkələrində baş verib – səfirlər Burundi, Kamerun, Kabo-Verde, Qabon, Kot-d’İvuar, Madaqaskar, Mavriki, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali və Uqanda da daxil olmaqla 13 ölkədə dəyişdiriləcək.
Asiya ikinci yerdədir və altı ölkə – Fici, Laos, Marşal Adaları, Papua Yeni Qvineya, Filippin və Vyetnam – rotasiyadan keçib.
Bundan əlavə, rotasiyalar dörd Avropa ölkəsinə – Ermənistan, Makedoniya, Monteneqro və Slovakiyaya; iki Yaxın Şərq ölkəsinə – Əlcəzair və Misirə; Cənubi və Mərkəzi Asiya ölkələrinə – Nepal və Şri-Lankaya; və Qərb yarımkürəsi ölkələrinə – Qvatemala və Surinama təsir edəcək.
Şayəstə





















