İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkəsinin Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləməsi ilə bağlı iddiaları təkzib edərək, İranın bu münaqişə tərəflərdən heç birini dəstəkləmədiyini və siyasi həll yolunu dəstəkləməyə davam etdiyini vurğulayıb.
Elchi.az bu barədə İrna.ir-ə istinadən bildirir.
Kiyev və onun Qərb müttəfiqləri aylardır İranı Rusiyaya Ukraynaya qarşı istifadə üçün pilotsuz təyyarələr verməkdə ittiham edirlər. Abdullahyan ittihamları əsassız hesab edərək, Ukraynanın iddialarını dəstəkləmək üçün heç bir sübut təqdim etmədiyini bildirib.
“Mən ukraynalı həmkarımla bu məsələni bir neçə dəfə müzakirə etmişəm və İran hətta iki ölkənin hərbi nümayəndə heyətləri ilə görüşməyə də razılıq verib”, – deyə İranın xarici işlər naziri Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandorla Pretoriyada səfərdə olduğu birgə mətbuat konfransında bildirib.
Abdullahiyanın sözlərinə görə, İran və Ukraynanın hərbi nümayəndələri 7 ay əvvəl Omanda görüşüblər, lakin Ukrayna tərəfi tutarlı sübut təqdim etməyib.
Bundan əlavə, Abdullahiyan əlavə edib ki, Rusiya rəsmiləri İranı əmin ediblər ki, Moskva Ukraynaya qarşı ikitərəfli müdafiə əməkdaşlığı çərçivəsində Rusiyaya verilən İran hərbi texnikasından heç vaxt istifadə etməyəcək.
Yeganə