Astronomlar Yerdən kənarda həyat əlamətləri axtarışını davam etdirərkən tarixi bir kəşfə imza atıblar. “Astrophysics | Harvard & Smithsonian” Mərkəzinin və Oreqon Universitetinin tədqiqatçıları ilk dəfə olaraq bir ekzoplanetdən (günəş sistemimizdən kənarda yerləşən planetdən) gələn radio siqnalları birbaşa aşkar ediblər.
Elchi.az xəbər verir ki, əvvəllər planet sistemlərində aşkar edilən radio siqnalların mərkəzi ulduzdan, yoxsa elə planetin özündən qaynaqlandığını dəqiq müəyyən etmək mümkün deyildi.
Siqnalların mənbəyi yadplanetlilər deyil, qütb parıltılarıdır
Aşkar edilmiş radio siqnalların yadplanetli həyatla heç bir əlaqəsi yoxdur. Bildirilib ki, siqnallar qütb parıltılarından – yüklü hissəciklərin atmosfer və maqnit sahəsi şərtləri ilə qarşılıqlı təsir nəticəsində enerji yayması ilə yaranan təbiət hadisələrindən – qaynaqlanır.
Cənubi Afrikadakı “MeerKAT” radio teleskop şəbəkəsindən istifadə edən tədqiqatçılar 2025 və 2026-cı illərdə aparılan dörd ayrı müşahidə sessiyası ərzində 0,85 ilə 3,5 giqahers tezlik aralığında sürətli, təkrarlanan və dairəvi polyarizasiyalı radio partlayışları aşkar ediblər.
Müşahidələr Yerdən təxminən 63,4 işıq ili məsafədə yerləşən “Beta Pictoris” ulduzuna və onun ətrafındakı planetlərə yönəldilmişdi. Səma xəritəsində istinad nöqtələri kimi kvazarlardan istifadə edərək, tədqiqatçılar siqnalların ulduzun özündən deyil, “Beta Pictoris b” planetindən qaynaqlandığını yüksək dəqiqliklə müəyyən ediblər.
Şayəstə





















