Körfəz ölkələri və İranın xarici işlər nazirlərinin Hörmüz boğazı ilə bağlı tənzimləmələri müzakirə etmək üçün bu gün Omanda keçirilməsi planlaşdırılan görüşü baş tutmayıb. İclasın irəli bir tarixə təxirə salındığı elan edilib.
Elchi.az xəbər verir ki, Körfəz ölkələri və İranın xarici işlər nazirlərinin Hörmüz boğazı ilə bağlı tədbirləri nəzərdən keçirmək üçün bazar ertəsi Omanda keçirməsi gözlənilən görüşlə bağlı yeni irəliləyiş yaşanıb. Omanın Xarici İşlər Naziri Bədr əl-Busaidi sosial media hesabında etdiyi açıqlamada görüşün “razılıq naminə” təxirə salındığını bildirib. Əl-Busaidi “Bölgəmizdə sabitliyi və daimi əməkdaşlığı dəstəkləyən dialoqu inkişaf etdirmək əzmimizi qoruyub saxlayırıq” ifadələrini işlədib.
İran Xarici İşlər Nazirliyinin Bəsrə Körfəzi Departamentinin baş direktoru Məhəmməd Əli Bək də bu xəbəri təsdiqləyərək deyib: “Bəzi region ölkələrinin tələbi, Oman və İranın birgə qərarı ilə Bəsrə körfəzinə çıxışı olan ölkələrin xarici işlər nazirlərinin bazar ertəsi nəzərdə tutulan görüşü başqa tarixə keçirilib”. İranın Omanla təmasları davam etdirəcəyini bildirən Bək, görüş üçün yeni tarixin müəyyənləşdirilməsi məqsədilə lazımi addımların atılacağını qeyd edib.
İran Prezidenti Məsud Pezeşkian Nyu-Dehlidəki BRICS Sammiti çərçivəsində “India Today”ə verdiyi müsahibədə regionun ərəb ölkələrinin xarici işlər nazirlərinin bazar ertəsi Omanda toplaşaraq Hörmüz boğazından keçid marşrutu barədə razılığa gələcəklərini bəyan etmişdi.
Məryəm





















