Səudiyyə Ərəbistanı qırıcıları İranla müharibə zamanı İraqda Tehran tərəfindən dəstəklənən güclü şiə qruplaşmaları ilə əlaqəli hədəflərə zərbələr endirib, eyni zamanda Küveytdən də İraqa cavab zərbələri vurulub.
Elchi.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məsələ ilə tanış olan bir neçə mənbə bildirib.
Bir qərbli rəsmi və vəziyyətlə tanış olan bir şəxsin sözlərinə görə, Səudiyyənin zərbələri krallığın Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar tərəfindən Səudiyyə Ərəbistanının İraqla olan şimal sərhədi yaxınlığındakı İranla əlaqəli qruplaşmaların obyektlərinə endirilib. Qərbli rəsmi əlavə edib ki, bəzi zərbələr 7 aprel tarixində ABŞ və İran arasında əldə olunmuş atəşkəs ərəfəsində baş verib.
Mənbələrin bildirdiyinə görə, zərbələrin məqsədi Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinə pilotsuz uçuş aparatları (PUA) və raketlərin buraxıldığı meydançalar olub.
Hərbi qiymətləndirmələrə istinad edən İraq mənbələri isə bildiriblər ki, Küveyt ərazisindən İraqa ən azı iki dəfə raket zərbələri endirilib. Aprel ayında endirilən bir seriya zərbə İraqın cənubundakı yaraqlıların mövqelərini vurub, nəticədə bir neçə döyüşçü həlak olub və İranın dəstəklədiyi “Kətaib Hizbullah” qruplaşması tərəfindən PUA-ların idarə edilməsi və rabitə üçün istifadə olunan obyekt məhv edilib. “Reuters” Küveytdən atılan raketlərin Küveyt silahlı qüvvələri, yoxsa orada böyük kontingenti olan ABŞ hərbçiləri tərəfindən buraxıldığını müəyyən edə bilməyib.
Məryəm





















