Arzu Nağıyev: “Cənubi Qafqazdakı situasiya müəyyən mənada İsraili öz vətəndaşları ilə bağlı xəbərdarlıq verməyə vadar edir”
Xəbər verdiyimiz kimi, İsrail “Terrorla Mübarizə Ofisi” ölkə vətəndaşlarına bir sıra xarici ölkələrə səfər etməməklə bağlı xəbərdarlıq edib. Xəbərdarlıq siyahısında 40 ölkənin, o cümlədən Azərbaycan və Türkiyənin də adı var. Açıqlanan xəbərdarlıqda qeyd olunur ki, “yaxınlaşan bayramlar və tətil günləri ilə əlaqədar xarici ölkələrə getməyə hazırlaşan İsrail vətəndaşlarına 40 bölgəyə səfər etməməklə bağlı xəbərdarlıq edilib”.
Açıqlamada İsrail vətəndaşlarına və dünyanın fərqli ölkələrində yaşayan yəhudilərə yönəlik hücumların artdığı qeyd olunur. Eyni zamanda xəbərdarlıqda sözügedən bölgələrdə olan israillilərin dərhal həmin əraziləri tərk etmələri tövsiyə olunur. Bundan başqa, İran və “Hizbullah” təhdidi də açıq şəkildə qeyd olunur. Sitat: “İran və ”Hizbullah”ın liderliyindəki beynəlxalq terror hələ də dünyadakı İsrail hədəflərini və yəhudiləri təhdid edir”.
Açıqlamada həmçinin bu xəbərdarlıqla bağlı ciddi “dəlillərin olduğu” qeyd edilir. Siyahıya salınan ölkələr isə Türkiyə, Suriya, İraq, İran, Livan, Yəmən, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Liviya, Sudan, Somali, Burkina Faso, İndoneziya, Fil Dişi Sahili, Malayziya, Mali, Mavritaniya, Misir, Pakistan, Toqo, Əlcəzair, Cibuti, Tunis, Bəhreyn, Filippinin cənubu, İordaniya, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, Mərakeş, Oman, Taylandın cənubu, Keniya, Nigeriya, Hindistanın cənubu, Seneqalın şərqi, Nigerin şimalı, Çeçenistan, Kəşmirdir.
Qeyd edək ki, İsrail dövlətinin müvafiq qurumları müəyyən vaxtlarda bu cür siyahılar elan edir. Daha əvvəl də bu cür siyahılarda Azərbaycanın da adı olub. Ancaq Azərbaycanda bu günə qədər hansısa İsrail vətəndaşına və ya yəhudiyə hücum baş verməyib və yəhudilərə ən normal münasibətin sərgiləndiyi ölkələrdən biri də Azərbaycandır. Bu faktı yəhudilər və İsrail rəsmiləri dəfələrlə təsdiqləyiblər. İndiki vəziyyətdə bir neçə aydan sonra Avropa Oyunları kimi geniş miqyaslı idman oyunlarına hazırlaşan Azərbaycan hökuməti üçün bu cür xəbərdarlıqlar narahatlıq yaradır, çünki bu cür oyunlar ilk növbədə ölkənin daha çox tanıdılması, turist cəlb olunması baxımından önəm daşıyır. Xəbərdarlıq isə istər-istəməz bu məsələyə mənfi təsir edir.
Yeri gəlmişkən, artıq Azərbaycan hökuməti də ölkənin adının təhlükəlilər siyahısına salınmasına münasibət bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Azərbaycanda xaricilər üçün təhlükə olmadığını bildirib. Sitat: “Öz vətəndaşlarının təhlükəsizliyinin qeydinə qalmaq üzrə tədbirlər hər bir dövlətin suveren qərarıdır. Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi davamlı tədbirlər nəticəsində vətəndaşlarımızın və ölkəmizdə olan əcnəbi qonaqların təhlükəsizliyi təmin olunur və Azərbaycanda təhlükəsiz və sabit mühit hökm sürür”.
Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev deyir ki, İsrail hökumətində 4-5 kateqoriya siyahı olur. Birinci kateqoriya birmənalı səfərin qadağan olunduğu ölkələrdir. İkinci siyahıda olan ölkələrə müəyyən kateqoriyadan olan vətəndaşlar gedə bilər. Üçüncü kateqoriyaya dindar vətəndaşların gedə bilmədiyi ölkələr və sair kimi qadağalar olur. Bundan başqa, ekspertin fikrincə, daha bir siyahıda isə ehtiyatlı olmaq tövsiyəsi verilən ölkələrdir: “Mən düşünürəm ki, bu gün Cənubi Qafqazdakı situasiya müəyyən mənada İsrailin öz vətəndaşları ilə bağlı xəbərdarlıq verməyə vadar edir. Bunlardan birincisi Dağlıq Qarabağ münaqişəsi, ikinci faktor isə İranla qonşuluq faktorudur. İsrail Azərbaycanın strateji tərəfdaşıdır. İsrail hakimiyyət orqanları qəti şəkildə Azərbaycana səfər etməməyi tövsiyə edə bilməz. Çünki o vətəndaşlar arasında Azərbaycanda biznes fəaliyyəti quran, iş görən və başqa-başqa kateqoriyalardan çoxlu sayda insanlar var. Burda əsas məqam hansı kontingentlə təmas qurmaq məsələsidir”.
Ekspertin fikrincə, bu xəbərdarlıq Avropa Oyunları ilə bağlı deyil, daha çox regionda artan narahatlıqlarla bağlıdır: “Təbii ki, Avropa Oyunları zamanı bura gələn idmançıların təhlükəsizliyini yalnız Azərbaycanın təhlükəsizlik orqanları deyil, eyni zamanda həmin ölkələrin öz xüsusi xidmətləri də müəyyən səviyyədə qorumağa çalışır. Bura göndərilənlərin kimliyini də bilirlər. Məlumdur ki, yazqabağı Cənubi Qafqazda vəziyyət həmişə gərginləşir. Terror təhdidləri artır. İstər şimaldan Rusiya istiqamətindən, istərsə də cənubdan. Həm də unutmaq lazım deyil ki, Ermənistan açıq şəkildə terror təhdidləri edir”.