Beynəlxalq Amnistiya Təşkilatı İsrail ordusunun Qəzzanın dinc əhalinin sıx məskunlaşdığı ərazilərdə ağ fosforlu artilleriya mərmilərindən istifadə etməsini sənədləşdirib. Sübutlar arasında Anadolu Agentliyinin müxbirinin çəkdiyi fotoşəkillər də var.
Elchi.az xəbər verir ki, Beynəlxalq Amnistiya Təşkilatı İsrail ordusunun ağ fosforlu artilleriya mərmilərindən istifadə etdiyini sənədləşdirib.
“Amnesty İnternational” öz bəyanatında qeyd edib ki, təşkilatın Böhranlara cavab proqramı İsrailin Qəzzada ağ fosforlu artilleriya mərmilərindən istifadə etməsini sənədləşdirən inandırıcı sübutlar toplayıb.
Təşkilatın Böhran Dəlilləri Laboratoriyası tərəfindən təsdiqlənən video və fotoşəkillər İsrailin oktyabrın 7-dən bəri bombardman etdiyi Qəzzada ağ fosfordan istifadə etdiyini göstərir .
Toplanan sübutlar arasında AA fotomüxbiri Mustafa Əl-Kharouf tərəfindən oktyabrın 9-da çəkilmiş D528 etiketli M825 və M825A1 artilleriya mərmilərinin fotoşəkili var.
Beynəlxalq hüquqa görə mülki əhalinin sıx yaşadığı ərazilərdə istifadəsi qadağan edilən ağ fosforun tüstüsü ağciyərlərdə qəfil yaralara və nəfəs aldıqda boğulmalara səbəb ola bilər.
Dəridə ikinci və üçüncü dərəcəli yanıqlara səbəb ola bilən ağ fosfor oksigenlə təmasda olduqda asanlıqla alovlanır, bomba kimi istifadə edildikdə isə partlayıcı təsiri ilə yanaşı yanğınlara da səbəb olur.
Ağ fosfor bombalarının törətdiyi yanğınlar geniş ərazilərə yayıla bilər və bu yanğınlar ərazidəki fosfor tükənənə qədər davam edir. Tənəffüs yolu ilə, təmasda və ya udma yolu ilə bədənə daxil olan, bir çox səthə yapışan və yoluxucu olan ağ fosfora məruz qalanların, bu maddənin yoluxucu olması səbəbindən müalicəsi çox çətindir. Odur ki, bombanın vurduğu xəsarətləri müalicə edən insanlar özlərini qorumaq üçün xüsusi təlim keçməlidirlər.
Sözügedən maddəyə vaxtaşırı məruz qalmanın çənə sümüyünün irəliləmiş deformasiyasına və onun qırılmasına səbəb ola biləcəyi ifadə edilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Adi Silahlar Konvensiyasına (CCW) əsasən, mülki ərazilərə havadan yandırıcı silahlarla hücumlar qadağandır. Ağ fosforun yaydığı tüstüdən hərbi hissələrin açıq ərazilərdə kamuflyaj edilməsi kimi məqsədlər üçün istifadə edilməsinə heç bir hüquqi maneə yoxdur. Digər tərəfdən, ağ fosforun istifadə edildiyi zaman insanlara verdiyi təsir və zərərə görə müharibə cinayəti sayılmalı olub-olmaması ilə bağlı müzakirələr davam edir.
Human Rights Watch təşkilatı 2010-cu ildə Qəzzada müharibə qaydalarının pozulmasına görə cəzasız qalması ilə bağlı dərc etdiyi hesabatda İsrailin 2008-ci ilin dekabrından 2009-cu ilin yanvarına qədər Qəzza zolağında həyata keçirdiyi “Tökmə qurğuşun əməliyyatı”nda tərkibində ağ fosfor olan sursatdan istifadə etdiyini bildirib. Hesabatda, İsrailin sıx məskunlaşan ərazilərdə ağ fosfor ehtiva edən sursatdan istifadə etməsi siyasi və hərbi liderlər tərəfindən həyata keçirilən və müharibə qaydalarının pozulmasına səbəb olan siyasətlərdən biri kimi göstərilib.
Nuranə Məmmədova