Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan Zelenski, ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşdən sonra mətbuat konfransı keçirib.
Prezident Trampla görüşünün təfərrüatlarını bölüşən Zelenski müharibənin mümkün qədər tez bitirilməsinin vacibliyini vurğulayaraq, “Düşünürəm ki, hamımız mümkün qədər tez hərəkətə keçməliyik”, – deyə bildirib.
Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün liderlərin bir araya gəlməsinin zəruri olduğunu qeyd edib.
Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu ifadə edən Zelenski, Trampın ABŞ, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə bir sammitin təşkili istiqamətində iş görə biləcəyini qeyd edib.
Belə bir görüşün baş tutacağı təqdirdə üç ölkə liderinin müharibə ilə bağlı ən kritik məsələləri müzakirə edə biləcəyini vurğulayan Zelenski əlavə edib: “Mən üçtərəfli görüşə hazıram, lakin düşünmürəm ki, Putin buna hazırdır. O, müharibəni bitirməyə hazır deyil”.
Müharibə kontekstində enerji sahəsində atəşkəs ehtimalını da müzakirə etdiklərini bildirən Zelenski deyib: “[Rusiya] enerji sektorunu hədəf almadığı təqdirdə, biz enerji sahəsində atəşkəsə hazırıq”.
Zelenski ABŞ-ın bu atəşkəslə bağlı Ukraynanın təkliflərini Rusiyaya çatdıracağını açıqlayıb.
Daha əvvəl “Patriot” hava hücumundan müdafiə sistemlərində istifadə olunan raketlərin istehsalı üçün ABŞ-dan müvafiq icazəni istədiklərini xatırladan Zelenski, bu məsələ ilə bağlı ABŞ-ın aidiyyəti rəsmiləri ilə işlərin davam etdiyini də bildirib.
Şayəstə





















