Zelenski: Putinlə görüş məsələsində irəliləyiş var.
Elchi.az xəbər verir ki, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenski arasında görüş məsələsini müzakirə ediblər, “bir növ görüş formatına doğru hərəkət” var. “RBK-Ukrayna” xəbər verir ki, bunu Ukrayna prezidentinin özü bildirib.
“Biz həmişə liderlər səviyyəsində görüş məsələsini ictimaiyyət qarşısında qaldırırıq. Onlar indi bizimlə söhbətində bu barədə danışmağa başlayıblar. Bu, artıq hansısa görüş formatına doğru hərəkətdir”, – o qeyd edib.
İyulun 23-də İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların üçüncü raundu keçirilib. Görüş “1200-ə 1200” düsturuna əsasən saxlanılan şəxslərin mübadiləsinə dair razılaşma və gələcək məsləhətləşmələr üçün üç işçi qrupunun yaradılması təklifi ilə yekunlaşıb. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin dediyi kimi, tərəflərin memorandum layihələri ilə bağlı mövqeləri hələ də ciddi şəkildə fərqlənir.
Şayəstə Hüseynova


















