Yəmən hökuməti bəyan edib ki, İranın dəstəklədiyi Husilər Taizdə buğda yüklü yüzlərlə yük maşını saxlayıb və onların keçməsinə icazə verməyiblər.
Elchi.az xəbər verir ki, Yəmənin informasiya, mədəniyyət və turizm naziri Müəmmər əl-İryaninin mövzu ilə bağlı yazılı açıqlaması Yəmənin rəsmi agentliyi SABA-da dərc olunub.
İryani Husilərin Ədəndən göndərilən buğda yüklü yüzlərlə yük maşınını Taizin girişində saxladıqlarını və yük maşınlarının nəzarətləri altında olan ərazilərə girməsinə mane olduqlarını bildirib.
Vəziyyətin bölgədəki tacirlərə böyük ziyan vurduğunu və yerli bazarda unun qiymətini artırdığını qeyd edən İryani, Husilərin nəzarət etdikləri bölgələrdə xalqı ac və yoxsullaşdırmaq siyasəti ilə un tədarükünün qarşısını aldığını bildirib.
İryani Birləşmiş Millətlər Təşkilatını (BMT) və beynəlxalq ictimaiyyəti Husilərin özəl sektorda iqtisadi fəlakətə səbəb ola biləcək və humanitar sıxıntıları artıra biləcək əməllərini pisləməyə çağırıb və məhsulun giriş-çıxışına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün Husilərə ciddi təzyiq tələb edib.
Nuranə Məmmədova