“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı – 20 il!”
“Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”
Ümumilli Lider Heydər Əliyev
İnsanın hüquq və azadlıqlarının ali dəyərlər olması və bu dəyərlərin qorunması Azərbaycan dövlətinin ali məqsədini təşkil edir. Vətəndaşlarımızın hüquqlarının təmin edilməsi ölkəmizdə gedən proseslərin tərkib hissəsi kimi daim dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir. Bu hüquqlar gündəlik həyatımızda real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə öz əksini tapır. İnsan hüquqlarının daha dolğun və səmərəli təmin edilməsi məqsədilə Respublikamızda bir çox inkişaf etmiş demokratik ölkələrdə olduğu kimi və müasir dövrümüzdə hüquqi dövlətin mühüm atributlarından sayılan Ombudsman institutu təsis edilib.
Azərbaycanın 1992-ci ildən BMT-yə, 2001-ci ildən isə Avropa Şurasına tam hüquqlu üzv olması xüsusi əhəmiyyət kəsb edir. 2001-ci ilin dekabrın 25-də isə Azərbaycan Respublikası Avropa insan hüquqları konvensiyasını təsdiq etdi. Avropa Şurasına qəbul olunarkən Azərbaycan Respublikası öz üzərinə bir sıra öhdəliklər götürmüşdü ki, bunlardan biri də insan hüquqları üzrə müvəkkil haqqında Qanunun qəbul olunması idi.
Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkəmizdə insan hüquqları üzrə ilk sənədlərin, müstəqil hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 28 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu qəbul olundu. Bu qanunla Müvəkkilin hüquqları və səlahiyyətləri, onun seçilməsi qaydası, toxunulmazlığı və müstəqilliyinin təminatları, insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi, məzmunu, baxılması qaydaları və nəticələri, onun illik məruzələri, Müvəkkilin və onun Aparatının təşkili və təminatları təsbit olunmaqla, ümumilikdə müvəkkil təsisatının fəaliyyətinin hüquqi əsasları formalaşdı.
Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev tərəfindən Müvəkkilin təklifləri də nəzərə alınmaqla 2006-cı ildə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, 2011-ci ildə isə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunmuş və həmin sənədlərin icrasının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə İşçi qrupun fəaliyyətinə rəhbərlik Ombudsmana tövsiyə edilib. Bu strateji sənədlər insan hüquqlarının sürətlə, sistematik və ardıcıl tərzdə inkişafı üçün ölkəmizin yol xəritəsi olub.
Müasir və demokratik dövlətçiliyin əsas təməl prinsiplərindən sayılan insan hüquq və azadlıqları cəmiyyətin inkişafının əsas dinamik lokomotivi sayılır. İctimai həyatın demokratik inkişafında, cəmiyyətin harmonik və sabit yüksəlişində əsas ana xətt hesab edilən fundamental hüquq və azadlıqların qorunması müstəqil dövlət quruculuğu yolunun mayakıdır. Azərbaycanda baş verən tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin aparıcı komponenti sayılan hüquqi dövlət anlayışı kompleks şəkildə hüquq və azadlıqların təminini özündə ehtiva etməklə yanaşı, sabit inkişafın da təməli rolunda çıxış edir.
Azərbaycan dövlətinin insan hüquqlarına verdiyi ali dəyərin bariz təzahürüdür ki, ölkə Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, insan hüquqlarına dair ilk strateji sənədin qəbul edildiyi 18 iyun tarixi yeganə ölkə olaraq müstəqil respublikamızda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur…
Müvəkkil andlı vəzifədir. Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirən, Konstitusiya və qanunlarımıza əməl edən, müstəqil və qərəzsiz fəaliyyət göstərən Səbinə xanım Əliyevanın adını xüsusi vurğulamaq yerinə düşərdi. Sevindirici haldır ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili hər bir vətəndaşımızın- məhbusların, hərbi qulluqçuların, uşaq və qadınların, habelə ahılların hüquqlarının müdafiə olunması sahəsində genişmiqyaslı işlər görür, bu sahədə maarifləndirmə işini təşkil edir, kütləvi informasiya vasitələri və ictimaiyyətlə davamlı əlaqə saxlayaraq əməkdaşlıq edir.
Mövzu barədə fikirlərini Elchi.az-la bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması yüksək səviyyədə təmin edilməkdədir. Qeyd edildiyi kimi, hüquqi dövlət quruculuğu prosesinin əsas tərkib hissəsi sayılan vətəndaş hüquqlarının təmini və qorunması, fundamental azadlıqların təmini Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas prioritetlərindəndir. Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox böyük addımlar atılıb:
“Azərbaycanın demokratik inkişafının əsas elementi rolunda çıxış edən qanunvericiliklər toplusu – ölkə Konstitusiyası hüquqi dövlət quruculuğu prosesinin əsasını təşkil edir. Bu mənada, Azərbaycan Konstitusiyası öz demokratikliyi və insan hüquq və azadlıqlarının təmini baxımından mükəmməlliyi ilə seçilir. Əsas qanunun müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. Eləcə də, bu gün Milli Məclisdə İnsan hüquqları daimi komitəsi, Ombudsman Aparatının fəaliyyəti ölkəmizdə demokratik prinsiplərə hörmətin göstəricisidir. Ölkəmizdə dini, irqi, etnik baxımdan ayrı-seçkilik yoxdur və Konstitusiya ilə bütün ölkə vətəndaşları qanun qarşısında eyni məsuliyyəti daşıyır. Bir sözlə, ölkəmizdə əsas fundamental insan hüquq və azadlıqları qanunvericiliyin tələbləri ilə qorunur, inkişaf etdirilir”.
Millət vəkili bildirib ki, ölkəmiz insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq müqavilələri və konvensiyaları dəstəkləyib. BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməni dəstəkləyən Azərbaycan bu istiqamətdə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. O cümlədən Azərbaycan bu gün 50-yə yaxın beynəlxalq konvensiyanı dəstəkləyərək nəinki öz sərhədləri daxilində, bütün dünyada insan hüquqlarının qorunmasının keşiyində dayanır. Dövlətimizin ali məqsədi insan hüquqlarının müdafiəsidir:
“Bu gün bizim hər birimiz belə bir ölkənin vətəndaşı olduğumuz üçün qürur duyuruq, eyni zamanda, bunun məsuliyyətini daşımalıyıq. Çünki dünyada insan hüquqlarının pozulması faktları kifayət qədər artmaqdadır. Dünyada gündəlik hüquqpozmalar, məişət zorakılığı, mənsubiyyətə görə fərqqoyma kimi mənfi hallarla üzləşdiyimiz bir dövrdə beynəlxalq təşkilatlar koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidirlər. Bunun üçün də geniş maarifləndirmə işləri aparılmalıdır. Azərbaycanda keçirilən İnsan hüquqları aylığı bu mənada olduqca mühüm əhəmiyyət daşıyır”.
Ombudsman aparatının 20 illik fəaliyyəti ilə bağlı açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyevin sözlərinə görə, əlamətdar bir hadisə ərəfəsindəyik, çünki Ombudsman institutunun 20 illiyi qeyd olunur:
“İnsan hüquqlarının qorunması ölkəmizdə ən mühüm məsələlərdən biridir. Ombudsman aparatı 44 günlük Vətən savaşı, pandemiya dönəmi, həmçinin Zəfər qazandıqdan sonra genişmiqyaslı fəaliyyət göstərərək vətəndaşların daimi olaraq yanında oldu, problemi olan insanların dərdini dinlədi. Bundan başqa, davamlı olaraq Ombudsmanın cəzaçəkmə müəssisələrinə baş çəkməsinin, müraciətlərin zamanında cavablandırılmasının şahidi oluruq. Milli Məclisdə Ombusmanın hesabatlarını dinlədikdə həm problemlərin həlli, həm də insan hüquqlarının müdafiəsi ilə bağlı verilən təkliflərin nə dərəcədə vacib olduğu danılmazdır. Bir sözlə, bu gün ölkəmizdə Ombudsmanın fəaliyyəti təqdirəlayiqdir və bu təsisatın səlahiyyətlərinin daha da genişləndirilməsinin tərəfdarıyıq. Düşünürəm ki, növbəti illərdə Ombudsman təsisatı daha da şaxələnmiş formada öz fəaliyyətini davam etdirəcək, Azərbaycanda insan haqlarının qorunması, vətəndaşların problemlərinin həllində çox aparıcı bir təsisat olaraq öz mövqeyini qoruyub saxlayacaq”.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı kütləvi informasiya vasitələri ilə əlaqələrə mühüm əhəmiyyət verir, media ilə əməkdaşlıq qurumun fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir. Müvəkkilin daimi ünsiyyətdə olduğu subyektlərlə – dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, icmalar və geniş ictimaiyyətlə sıx əlaqələri davam etdirilir. Ombudsman institutunun fəaliyyəti və onun nəticələri geniş ictimaiyyətin diqqətinə çatdırılır. Eyni zamanda, KİV-lə əməkdaşlıq Müvəkkilin fəaliyyətinin aşkarlıq, şəffaflıq prizmasından təbliğində mühüm rola malikdir…
Məqalə Ombudsman təsisatının 20 illik yubileyi (2002-2022) və Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən ənənəvi jurnalist yazı müsabiqəsinə təqdim etmək üçündür.
Yeganə Bayramova