Yəməndə qanuni hökuməti dəstəkləyən və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası, Yəməndəki İranın dəstəklədiyi husi qruplaşması tərəfindən paytaxt Ər-Riyada doğru buraxılan iki ballistik raketin hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Koalisiyanın sözçüsü briqada generalı Türki əl-Maliki sosial media hesabında paylaşdığı bəyanatda husilərin ballistik raketlərlə Ər-Riyadı hədəf almağa cəhd etdiklərini bildirib.
Əl-Maliki qeyd edib: “Terrorçu husi dəstələri tərəfindən paytaxt Ər-Riyada doğru buraxılan iki ballistik raket hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”.
Bu arada, Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi bir qədər əvvəl potensial təhlükəyə qarşı Ər-Riyadda erkən xəbərdarlıq sisteminin işə salındığını elan edərək, əhalini rəsmi qurumların təlimatlarına riayət etməyə çağırıb.
Erkən xəbərdarlıq sisteminin işə salınmasından qısa müddət sonra Mülki Müdafiə Baş İdarəsi ikinci bir bəyanat yayaraq, xəbərdarlıqların göndərildiyi ərazilərdə “təhlükənin sovuşduğunu” bildirib.
Bəyanatda əhaliyə öz təhlükəsizlikləri üçün rəsmi qurumların göstərişlərinə əməl etmələri və hadisə yerlərində videoçəkiliş aparmaqdan çəkinmələri tövsiyə olunub.
Daha əvvəl Ərəb Koalisiyası İranın dəstəklədiyi husilər tərəfindən Səudiyyə Ərəbistanına doğru buraxılan bir neçə pilotsuz uçuş aparatının (PUA) və bir qanadlı raketin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilərək məhv edildiyini açıqlamışdı.
Şayəstə





















