İranın xarici işlər naziri Abbas Əraqçi, İsrailin Tehranın kimyəvi silah istehsal etdiyi barədə iddialarına cavab verərək bildirib ki, İsrailin özü kütləvi qırğın silahlarına sahib olmasına baxmayaraq, müvafiq beynəlxalq müqavilələrə qoşulmaqdan daim yayınıb. Sosial şəbəkələrdə paylaşdığı bəyanatda Əraqçi qeyd edib ki, İsrail bu iddialardan istifadə edərək ABŞ-ı regionda yeni bir müharibəyə sürükləməyə çalışır.
Elchi.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə paylaşımında İsrailin İranın guya kimyəvi silah istehsal etməsi ilə bağlı irəli sürdüyü iddialara toxunub. Əraqçi vurğulayıb ki, İsrailin özü kütləvi qırğın silahlarına malik olduğu halda, Tehran hökumətini kimyəvi silah hazırlamağa cəhd etməkdə ittiham etməyi seçib.
Əraqçi bildirib ki, İsrail nüvə, kimyəvi və bioloji silahların istehsalının qarşısını almağa yönəlmiş beynəlxalq konvensiyalara qoşulmaqdan yayınıb. O, həmçinin qeyd edib ki, Təl-Əviv administrasiyası bu kimyəvi silah iddialarından ABŞ-ı yeni bir münaqişəyə cəlb etmək üçün istifadə edir.
“Bu müharibəpərəst rejim – heç bir utanc hissi keçirmədən – İranı, yəni Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) iştirakçısı olan, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına (OPCW) üzv olan və özü də kimyəvi silahların qurbanı olmuş bir dövləti, məhz belə silahlar istehsal etməkdə ittiham edir”, – deyə Əraqçi bildirib. “Lakin bütün dünyanın bildiyi kimi, İsrailə gəldikdə, hər bir ittiham əslində bir etirafdır. Bu rejim yüzlərlə nüvə başlığına sahibdir, regiondakı yeddi ölkəyə qarşı hücumlar həyata keçirib və üç xalqın ərazisini işğal altında saxlayır.”
Şayəstə



















