UEFA ilə FIFA arasında böhran getdikcə şiddətlənir. Avropa futbolunun idarəetmə orqanı olan UEFA, FIFA prezidenti Canni İnfantinonun Dünya Kuboku da daxil olmaqla, FIFA təşkilatlarını idarə etmək üçün yaradılan törəmə şirkətin 20%-lik payını özəl investorlara satmaq planına sərt reaksiya verib.
Elchi.az xəbər verir ki, təcili iclasdan sonra UEFA “UEFA və onun üzv federasiyaları FIFA təşkilatlarında iştirak etməyəcək” deyə açıqlama verib.
Sözügedən plan şirkətin FIFA tərəfindən idarə olunmasını, lakin qismən ABŞ prezidenti Donald Trampın kürəkəni Coşua Kuşner də daxil olmaqla özəl investorlar tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur.
Bu inkişaflardan sonra Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) da 41 üzvü ilə birlikdə təklifi rədd etdiyini açıqlayıb.
Proses necə davam edəcək?
FİFA tərəfindən təklif olunan maliyyələşdirmə müqaviləsini qəbul etmək və nəzərdə tutulan ödənişi almaq üçün son tarix 19 sentyabrdır. UEFA-nın boykot qərarı tətbiq olunarsa, 5 sentyabrda Polşada başlayacaq 20 yaşadək qadınlar arasında dünya çempionatı və payızda keçiriləcək qadınlar arasında dünya çempionatının pley-off oyunları da daxil olmaqla bir neçə turnir təsirlənəcək. UEFA-nın vitse-prezidenti Laura McAllister vəziyyətin FİFA-nın siyasətindən qaynaqlandığını bildirərək, oyunçuların və ölkələrin əziyyət çəkməsini istəmədiklərini, lakin bu nöqtəyə gəlib çatdıqlarını əlavə etdi. Futbol Assosiasiyasının (FA) prezidenti Debbi Hyuitt və FİFA Maliyyə Komitəsinin sədri Mayk Malrani də daxil olmaqla çoxsaylı rəsmilər İnfantinonun qərar qəbuletmə proseslərində kifayət qədər məsləhətləşmə və dialoq aparmamasını tənqid etdilər.
Şayəstə





















