“Türkiyənin 44 günlük savaş dövründəki prinsipial mövqeyini bu gün görmürük”- Qüdrət Həsənquliyevdən sensasion açıqlamalar

33

Globalinfo.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə eksklüziv müsahibəni oxuculara təqdim edir:

“Ordu Xankəndinə girməyənə qədər, deyə bilmərik ki, ərazi bütövlüyümüzü bərpa etmişik”

– Qüdrət bəy, 2023-cü il yeni başlayıb. Sizcə, Azərbaycan bu ilə nə ilə start verir, nə ilə davam edəcək və nəticə nə olacaq?

– Çox təəssüf ki, 2023-cü ilə də problemlərsiz daxil olmuruq. Qarabağın üzərində dövlət suverenliyini bərpa edə bilməmişik. Hələ də separatçı rejim orada fəaliyyət göstərir, özü də elə bir rejim ki, orda soyqırım törədib, həm Ermənistanda, həm də Qarabağ və ətraf rayonlarda Azərbaycan türklərinə qarşı etnik təmizləmə siyasəti aparılıb. Ermənistan və onun dəstəklədiyi separatçı rejim xalqımıza çox böyük acılar, məhrumiyyətlər yaşadıb. Bu gün o rejimin öz fəaliyyətini davam etdirməsi həqiqətən də üzücüdür. Çox təəssüf ki, biz o rejimin fəaliyyətinə son qoya bilmirik. Şuşa-Laçın yolunda Azərbaycanın ekofəalları aksiya keçirirlər. Biz xarici güclərdən, separatçı rejimdən tələb edirik ki, bizi öz ərazimizə buraxın. Biz ora gedə bilmirik. Bu da çox üzücüdür. Bir növ sanki çarəsizlikdən, zəiflikdən doğan bir addım kimi görünür. Laçında dövlət sərhədlərini bərpa edə bilmirik. Ümid edirəm, bu müvəqqətidir və cənab Prezident də söylədi ki, 2023-cü ildə Ermənistan sülh sazişini imzalamalı, Azərbaycanın Qarabağ üzərində dövlət suverenliyi könüllü şəkildə bərpa olunmalıdır, ya da Azərbaycan bunu güc tətbiq etməklə həyata keçirməlidir. Sözün doğrusu, dinc yolla bunun baş tutacağına inanmıram. Hesab edirəm, Azərbaycanın Silahlı Qüvvələri və Daxili Qoşunları Xankəndinə girməyənə qədər, Azərbaycanın dövlət qanunları bərpa olunmayana qədər, deyə bilmərik ki, ərazi bütövlüyümüzü bərpa etmişik. Bu baxımdan, 2023-cü il də bizim suverenliyimiz üçün ağır, çətinliklərlə müşayiət olunan bir il olacaq. Amma hökumət də fərqindədir ki, çox əlverişli bir beynəlxalq geosiyasi vəziyyət yaranıb. Azərbaycanın ərazi bütövlüyünün bərpasını istəməyənlərin, qanlı separatizmi dəstəkləyənlərin – həm Rusiyanın, həm də Qərbin başı Ukraynada müharibəyə qarışıb. Bizim vəziyyətimizi ağırlaşdıran həm də odur ki, Qarabağ məsələsində Qərb də Rusiya ilə aşağı-yuxarı eyni mövqedən çıxış edir. Qərb ərazi bütövlüyümüzü sözdə tanısa da reallıqda bizə nəinki kömək etmir, əksinə, mane olur.

Bəziləri düşünür ki, Rusiya Ukraynada məğlub olsa, Qarabağ üzərində suveren hüquqları bərpa etməyimiz asanlaşacaq. Mən elə düşünmürəm. Əslində onda Rusiyada Qərb yönümlü hakimiyyət formalaşacaq. Qərb də Boris Yeltsin və Mixail Qorbaçovdan tələb etdiyi kimi yenə Rusiyadan tələb edəcək ki, Azərbaycanı cəzalandırsın. Üstəlik Moskvadan tələb ediləcək ki, yeni ərazilər də Azərbaycanın dövlət nəzarətindən çıxarılsın”.

“Türkiyə Rusiya ilə daha ciddi danışmalıdır”

– Demokrat dediyimiz Yeltsinin dövründə Azərbvaycanın torpaqları daha çox işğal olunmuşdu.

– Bəli, Yeltsinin dövründə torpaqlarımızın işğalı hər kəsin yadındadır. Bundan öncə Qorbaçov 20 Yanvarda Bakıda dinc insanlara divan tutdu. Bunlar hamısı Qərbin xeyir-duası ilə baş vermişdi.

– Amma bəzi qüvvələr tərəfindən diktator kimi təqdim olunan Putinin dövründə Azərbaycan öz torpaqlarını işağaldan azad etdi.

– Ona görə ki, Putin Qərb tərəfindən birmənalı yönləndirilməyən bir şəxsdir. Amma Yeltsin bilirik ki, Qərbin dəstəyilə hakimiyyətə gəlmişdi. Qorbaçov da Qərbdən asılı bir şəxs idi, Qərbin ona dəstəyi vardı. Buna görə də onlar sanki Qərbin könlünü oxşamaq üçün bunu edirdilər və bilirdilər ki, Qərbin simpatiyası erməni diasporasına və xristian dövləti olduğuna görə Ermənistan tərəfindədir. Buna görə ciddi şəkildə təzyiq edirdilər.

Düşünürəm, hələ ki, bunların başı orda müharibəyə qarışıb. Azərbaycan öz sözünü deməlidir. Burda açıq söyləyirəm ki, qardaş Türkiyənin də dəstəyindən çox şey asılıdır. Bu gün bizim partiyanın İdarə Heyətinin iclası oldu. Bəyanatla çıxış etdik və qardaş Türkiyə Respublikasına bildirdik ki, Azərbaycanı yarı yolda buraxmasın.

– Belə bir təhlükə hiss edirsizmi?

– Bəli. Son vaxtlar biz partiya olaraq Türkiyənin aktiv iştirakını müşahidə etmirik.

– Hərbi sahədə, yoxsa siyasi?

– Düşünürəm ki, hər sahədə. Türkiyə Rusiya ilə daha ciddi danışmalıdır. Biz 2023-cü ildə dövlət suverenliyini Qarabağda bərpa etməliyik. Bunu bu gün etməyəcəyiksə, bu fürsəti qaçıracayıqsa, bir də belə şansın nə vaxt yaranacağını proqnozlaşdırmaq xeyli çətindir. Azərbaycan indi Türkiyə ilə birlikdə hərəkətə keçməlidir.

– Sizin Türkiyə ilə bağlı narahatlığınız nəyə əsalanıb? Bu müşahidədirmi, məlumatdırmı?

– Daha çox müşahidədir. Türkiyə seçkiyə gedir. İyun ayına qədər Türkiyə çalışacaq ki, Qərbin təzyiqləri azalsın, onu müəyyən mənada neytrallaşdırsın. Türkiyə də bilir ki, Qərbdə erməni diasporası çox güclüdür və onu da bilir ki, Qərb onu 2016-cı ildə hərbi çevrilişlə devirmək istəyirdi. Bu baş tutmadı və indi də onun devrilməsini, hakimiyyətdən getməsini istəyir. Ona görə də son vaxtlar Türkiyənin 44 günlük savaşda və ondan sonrakı dönəmdə göstərdiyi o prinsipial mövqeyi görmürük.

Hikmət Çətin Ermənistana taxıl verəndə Elçibəyə zəng edib…”

 

– Bu, Qərbin dediyiniz təzyiqlərindən yayındırmaq üçün Azərbaycanla razılaşdırılmış ola bilərmi?

– Düşünürəm ki, Türkiyə bütün məsələləri Azərbaycanla razılaşdırır. Vaxtilə 1992-ci ildə Türkiyənin xarici işlər naziri Hikmət Çətin Ermənistana taxıl verəndə də Elçibəyə zəng edib bu addımı onunla razılaşdırmışdı.

Hesab edirəm ki, Türkiyə bizə daha ciddi dəstək verməlidir. Vaxtilə Ərdoğan söyləyirdi ki, qardaşım olsa belə keçməyəcəm, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Ərazi bütövlüyümüz bərpa olunmayıb və bu iş başa çatdırılmalıdır. Nəticə də yoxdur. Biz Qarabağ üzərində ərazi bütövlüyünü bərpa edə bilməmişik, separatçı rejim müstəqil dövlət kimi fəaliyyət göstərir.

– Rusiya ilə bağlı hər zaman təmkinli və praqmatik mövqedən çıxış etmisiniz. Buna görə zaman-zaman tənqid olunmusunuz, amma o mövqedən heç zaman çəkinməmisiniz. Xalqın qulağının eşitmək istədiyi populist bəyanatları heç vaxt verməmisiz. Zaman keçdikcə, mövqeyinizin təsdiqləndiyi ən azı biz jurnalistlər tərəfindən görülməkdədir. Qarabağla bağlı Rusiyanın mövqeyi necədir? Putin 2020-ci ilin 27 sentyabr – 9 noyabr aralığındakı mövqeyindən sapmayıb ki?

– Azər bəy, mövqeyimlə bağlı söylədiyiniz fikirlərə görə təşəkkür edirəm. Doğrudan hesab edirəm ki, siyasətçilər gərək reallıq hissini itirməsin. Hazırda biz görürük ki, Rusiya keçmiş Sovet respublikalarını özünün nüfuz dairəsi hesab edir. Və düşünür ki, Qərb burda özünə yaxın siyasi rejimlər formalaşdırmağa çalışır. Biz Gürcüstanda da bunu gördük. Orada Saakaşvili hakimiyyətdən getdi və onun yerinə Rusiyaya kifayət qədər yaxın olan İvanişvili gəldi. Bu gün o, rəsmi dövlət hakimiyyətində olmasa da rəhbərlik etdiyi siyasi qüvvələr hakimiyyətdədir.

Hazırda əlverişli geosiyasi vəziyyət yaranıb. Bu həm də onunla bağlıdır ki, Rusiya Ermənistanda Paşinyan rejimini qəbul etmir, çalışılır, Ermənistanı itirməsin, amma Paşinyanın devrilməsində də maraqlıdır. Azərbaycan bu faktordan da maksimum faydalanmalıdır. Hazırda Rusiya daha çox istəyir ki, Qarabağ Ermənistanın da tam siyasi nəzarətindən çıxsın, ordakı qondarma rejim daha çox Moskva tərəfindən idarə olunsun. Rusiyanın və Azərbaycanın öz maraqları var. Elə məsələlər var ki, orda bizim maraqlarımız üst-üstə düşə bilər və biz bu maraqları tapmalıyıq. Rusiya Ukraynada müharibəyə başlamamışdan öncə söyləyirdim ki, Rusiya özünün Cənubi Qafqazda, o cümlədən Azərbaycanda mövcudluğunu hərbi iştirakda görürsə, gəlin bunu təmin edək, lazımdırsa, onlara Qəbələdə bir hərbi baza yaratmağa imkan verək. 2013-cü ilə qədər vardı da. Amma bir şərtlə ki, Rusiya imkan versin ki, biz Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edək. Bunu qansız edək, bu qədər ailələr öz övladlarını itirməsinlər. Əgər lazımdırsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olaq. Bilirsiniz ki, 1994-99-cu illərdə KTMT-yə üzv olmuşuq. Gələcəkdə hərbi bazanı da ölkə ərazisindən çıxarmaq olar, Azərbaycan qoşulduğu hansısa beynəlxalq müqavilələrdən çıxa bilər, amma torpaq məsələsi elədir ki, nəsil dəyişir, illər keçir. Artıq 30 il vaxt keçir və biz Qarabağa qayıda bilmirik. Qarabağda doğulmamış, oranı özünə vətən saymayan 30 yaşlı gənclərimiz var. Kimsə deyirdi ki, illər bizi Qarabağa yaxınlaşdırır, mən deyirdim ki, illər bizi Qarabağdan uzaqlaşdırır. Ona görə bu təklifləri verirdim ki, Rusiya ilə danışmaq lazımdır.

Ermənistanla danışıqlar aparmağın da heç bir mənası yoxdur. Zaman mənim haqlı olduğumu göstərdi və indi də o fikirdəyəm. Hətta keçən il Valday konfransında Putin ərazi bütövlüyümüzü şübhə altına alan açıqlama verəndə də mən bunu kəskin şəklildə pislədim və söylədim ki, Rusiya ilə işləməkdə davam etməliyik. Ona görə ki, Rusiya bizim iradəmizdən asılı olmayaraq regionda böyük dövlətdir, qonşumuzdur. Orada iki milyona qədər azərbaycanlı yaşayır. Bizim fermerlərin ixrac etdiyi məhsullar üçün əsas bazardır. Tarixi, humanitar, mədəni əlaqələr formalaşıb. Böyük qonşumuzdur, normal münasibətlər saxlamalıyıq. Azərbaycanın ərazi bütövlüyünə hörmət etməklə onun xalqının rəğbətini qazana bilərsiz. Və biz sizin bölgədə ən yaxın müttəfiqiniz, dostunuz olaraq qalırıq və sizin maraqları Cənubi Qafqazda qoruyarıq. Sizin bizə bu etimadsızlığınız başadüşülən deyil və niyə Azərbaycana təsir imkanlarınızı yalnız o separatçı rejimi dəstəkləməkdə görürsüz?! Bunu yumşaq güc tətbiqi ilə, Azərbaycana investisiya qoyaraq edə bilərsiz.

“İki böyük gücün – Türkiyənin və Rusiyanın üz-üzə gəldiyi Azərbaycan bizə lazımdır?”

– Qərb adətən yumşaq işğal həyata keçirir. Hər hansı bölgəyə, ölkəyə demokratiya, insan haqları, mətbuat azadlığı, ədalətli seçki kmi qulağı oxşayan şüuarlarla girir. İran din faktoru ilə cəmiyyətləri işğala məruz qoyur, məzhəbçilikllə möhkəmlənir. Rusiya bu cür “yumşaq güc”dən imtina edir. İstədiyi ölkəyə ordu ilə girir. Azərbaycana münasibətdə Rusiya bu ənənəvi metoddan nə əcəb istifadə etmir?

– Bu mentalitet məsələsidir. Hesab edirəm ki, Azərbaycan çalışmalıdır elə reallıqlar yaratsın ki, Rusiya onunla müəyyən mənada hesablaşsın. Bu reallıqları təkbaşına yaratmaq gücündə deyilik. Ona görə deyirəm ki, Türkiyə bu məsələdə bizə yaxından dəstək olmalıdır. Bilirsiniz, Türkiyəni zaman-zaman tənqid etmişəm. Birinci Qarabağ savaşında bizim arzuladığımız və görmək istədiyimiz dəstəyi bizə vermədi. İndi də 44 günlük savaşdan sonra Türkiyənin əli-qolu sanki müəyyən mənada soyuyub. Bu, açıq şəkildə nəzərə çarpır və bundan rahatsız oluruq. Ciddi müttəfiqə ehtiyacımız var. Türkiyə 1918-ci ildə Cumhuriyyət quranda da Azərbaycanın müstəqilliyini sona qədər dəstəkləmədi. Düzdür, Türkiyənin özünün də vəziyyəti ağır idi, Sovet Rusiyasından asılığı var idi, silah alırdı və s. Buna görə də bizi sona qədər qoruya bilmədi. İndi Türkiyə bir az fərqli statusdadır, daha ciddi bir gücə çevrilib. Mən Rusiyanın Türkiyə ilə üz- üzə gəlməsində qətiyyən maraqlı deyiləm. Hətta bu yaxınlarda bir açıqlamamda demişdim ki, bəziləri deyir ki, biz 44 günlük savaşı davam etməliydik və əgər Rusiya bizim üstümüzə gəlsəydi, Türkiyə də bizə kömək edərdi. Dedim lap, yaxşı, davam etdik. Sonra? İki böyük gücün – Türkiyənin və Rusiyanın üz-üzə gəldiyi Azərbaycan bizə lazımdır? Ukrayna göz qabağındadır.

İkincisi, Türkiyə bu gün doğrudan da regional gücə çevrilməkdədir. Özünün hərbi sənaye kompleksini yenidən qurur, müasir silahlar istehsal edir, iqtisadiyyatı inkişaf edir. Türkiyədə sanki yenidən doğulma prosesi baş verir. Belə bir zamanda Türkiyənin hər hansı bir formada yendən müharibəyə cəlb olunması böyük bir cinayət və ya xəyanət olardı. Bu gün Türkiyə həm də Türk dünyasının bir araya gəlməsində əsas hərəkətverici qüvvədir. Ona görə biz Türkiyəni qorumalıyıq. Ehtiyatlılıqla qorxaqlıq arasında sərhədi elədir ki, sonra onu müəyyənləşdirmək olmur ki, bu hansıdır.

Türkiyədən bəzi məqamlarda cəsarətli addımlar gözləyirik. Hər zaman deyirəm ki, Türkiyə böyük müharibəyə cəlb olunmaqdan qaçmalıdır. Xatırlayırsızsa, 2015-ci ildə Türkiyəni Rusiya ilə toqquşdurmaq üçün Rusiyanın təyyarəsini vurdular. Onda da hamı deyirdi “eşq olsun, Türkiyə vurdu, yaxşı elədi!”. Mən deyirdim, bu, Türkiyənin dövlət maraqları baxımdan səhvdir, zaman da bunun yanlış və təxribat olduğunu göstərdi. Sonra onu Misirlə, Yunanıstanla üz-üzə qoymaq istəyirdilər. Türkiyə bu qarşıdurmadan yayınmalıdır. Azərbaycan da ən azı öz maraqları baxımından Türkiyənin münaqişəyə cəlb olunmasına imkan verməməlidir. Demirəm, Türkiyə harasa qoşun çəkməlidir. Amma sözünü açıq formada deməlidir. Necə ki, Ərdoğan 44 günlük savaş zamanı İran üstümüzə gələndə demişdi ki, siz Azərbaycanı hədələyə bilməzsiz.

– Demədimi? Ərdoğanın Zəngilan hava limanının açılışına gəlməsi elə İrana cavab deyildimi?

– Çox gec oldu və düşünürəm ki, yetərli olmadı. Sonra birinci hərbi təlimlər keçiriləndə, yenə İran generalları bizi hədələyəndə biz Türkiyədən öncə Rusiyanın etirazını gördük. Ondan sonra İran bir az sakitləşdi. Rusiya da ona görə deyirdi ki, buranı özünün nüfuz dairəsi hesab edir və İranın bura müdaxiləsinə reaksiya verdi.

– Bu mövzunu çox uzadırıq, amma bir məqamı mütləq demək lazımdır. Dekbarın əvvəlində Bakıda, Cəbrayılda, Astarada və İmişlidə Azərbaycan Ordusu ilə Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlimi Türkiyənən İrana və digərlərinə cavabı saymırsınızmı?

– Mən olanları çox yüksək qiymətləndirirəm. Türkiyə-Azərbaycan münasibətləri o səviyyədə olmalıdır ki.. Görünür, mənim gözləntilərim bir az böyükdür (gülümsəyir -red). Həmişə deyirdim ki, Türkiyə Azərbaycanı və Qarabağı bir dövlət kimi təsəvvür etməlidir, hesab etməlidir ki, Azərbaycanın yox, Türkiyənin Qarabağı işğal olunub. Mən dəfələrlə demişəm ki, Qarabağın işğalına özünüzün bir parça torpağınızın işğalı kimi baxın. O təkcə Azərbaycanın alçaldılması deyil, həm də Türkiyənin alçaldılmasıdır.

44 günlük savaşdan sonra, baxın, Türk dövlətləri necə yaxınlaşdılar. Gördülər ki Türkiyə kimi böyük güc var və hansısa miqyasda, hansısa mərhələdə onlara dəstək ola bilər. Daha müstəqil siyasət yürütməkdən qorxmadılar və Türk dövlətlərinin inteqrasiyası istiqamətində daha ciddi addımlar atıldı.

Hər halda mən Türkiyədən bu məslələrdə daha çox mövqe gözləyirəm. Türkiyə birmənalı şəkildə bəyan etməlidir ki, biz atəşkəsi etdik ki, Azərbaycanın dövlət suverenliyi danışıqlar yolu ilə öz həllini tapsın. Əgər bu gün Vardanyan deyirsə, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq, Ermənistan bu gün də sülh sazişi imzalamırsa və Qarabağın status məsələsini gündəmə gətirirsə, bu, danışıqların pozulmasıdır və Azərbaycanın haqqı var ki, dövlət suverenliyini bərpa etsin. Bu cür birmənalı və açıq bəyanatlar gözləyirik. Mən bilirəm ki, Türkiyə Azərbaycanla razılaşmaqla Ermənistanla karqo daşımalarına başlayıb, konsulluq xidməti fəaliyyət göstərir və s. Ola bilsin ki, sərhədlər də açılsın, amma Türkiyə növbətçi bəyanatlarla çıxış etməməli və 44 günlük savaşda olduğu kimi ortaya prinsipial mövqe qoymalıdır. Hətta Rusiya ilə danışıqlarda bunu etməlidir. Son vaxtlar Putin və Ərdoğan arasında danışıqlarda yalnız Suriya və Ukrayna məsələləri gündəmdədir. Onlar Ukrayna, humanitar dəhliz, Türkiyədə qaz habının yaranması, Suriya məsələsi və s. müzakirə edir. Qarabağ məsələsi isə arxa plana keçib. Hesab edirəm ki, belə olmamalıdır. Sanki Qarabağ məsələsi artıq həll olunub və artıq Rusiya-Türkiyə münasibətlərindən çıxıb.

“Bu gün Qərbin də, Rusiyanın da Türkiyədən müəyyən asılılığı var”

– Türkiyənin qeyd etdiyiniz mövqedən çıxış etməsi üçün kifayət qədər gücü varmı?

– Bəli, söylədiyim kimi, bu gün Rusiya və Qərb ciddi şəkildə Ukraynada müharibəyə cəlb olunub. Orada çox amansız müharibə gedir. Bu gün Qərbin də, Rusiyanın da Türkiyədən müəyyən asılılığı var. Türkiyə və Azərbaycan Rusiyaya qarşı heç bir sanksiyaya qoşulmayıb. Bizim Rusiyadan tələbimiz qanunsuz deyil ki, desin, sizə görə beynəlxalq hüquqü poza bilmərəm və ya Ermənistanın maraqlarından keçə bilmərəm. Azərbaycan dövləti öz ərazisində suveren hüquqlarını bərpa etmək istəyir. Demirsən ki, Qarabağ Azərbaycanındır?! Mənimdirsə, orda bayrağım dalğalanmalıdır. Sual edə bilərsiz ki, bu necə baş verə bilər? Atəşkəs elan olundu, emosiyalar bir az soyudu, indi Rusiya separatçı rejimə deməlidir ki, bura Azərbaycanın topraqlarıdır. Ona görə burada Azərbaycan bayrağı dalğalanmalıdır. Rusiyadan bunu istəməliyik ki, sən sülh istəyirsənsə, rus generalları ilə bizim generallar birlikdə Xankəndinə getməlidir. Ermənilər ruslara atəş açmayacaq ki. Orada bayrağı qaldırıb rejim tərəfdarlarının üzlərinə deməliyik ki, minin maşınlara, çıxın gedin burdan, Azərbaycanın dövlət idarəetməsi tətbiq olunur və s.

Biz Rusiyadan tələb etməliyik ki, ərazi bütövlüyümü tanıyırsansa və ora müvəqqəti sən nəzarət edirsən, mən gəlirəm öz torpağıma. Azərbaycana monitorinq aparmağa belə imkan vermirlər ki, sizə aidiyyatı yoxdur. Türkiyə və Azərbaycan bunu edə bilər. Düşünürəm ki, biz daha qətiyyətli, cəsarətli addımlar atmalıyıq.

– Naxçıvanda proseslər yeni başlayanda daha çox anti-korrupsiya tədbiri kimi təqdim olunurdu. Hətta parlamentin iclaslarında bir neçə deputat dedi ki, buna siyasi çalar vermək doğru deyil, sırf anti-korrupsiya əməliyyatıdır. Amma bunun əksini deyənlər, sonrasını proqnozlaşdıranlar da vardı. Və o gümanlar, proqnozlar doğruldu. Buna baxmayaraq yenə də insanların beynində bir sual dolaşmaqdadır: Naxçıvanda nə baş verdi? Vasif Talıbov hansı siyasi günahı işlətdi ki, ona, onun klanına və ailəsinə qarşı dövlət bu cür sərt üzünü göstərməyə məcbur oldu?

Ardı var…

Azər Ayxan, Gülnar Səlimova
Globalinfo.az