Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST İstanbulda 7-ci dəfə qapılarını açıb. Bir çox müsabiqə və tədbirlərə ev sahibliyi edən TEKNOFEST mayın 1-dək davam edəcək.
Elchi.az xəbər verir ki,Aviasiya, Kosmos və Texnologiya Festivalı T3 Vəqfi iləTürkiyənin Sənaye və Texnologiya Nazirliyinin birgə səyləri ilə 2018-ci ildən etibarən hər il keçirilir. Təşəbbüs ölkənin texnoloji inkişafına töhfə verən şirkətlər və təşkilatlar tərəfindən fəal şəkildə dəstəklənir.
TEKNOFEST çərçivəsində texnoloji yarışlar, aviasiya şouları, konsertlər, müxtəlif mövzularda müzakirələr və bir çox digər maraqlı tədbirlər keçirilir. Festivalın məqsədi cəmiyyətin, xüsusilə də gənclərin texnologiyaya marağını artırmaq, Türkiyədəki müasir inkişaf və nailiyyətlər haqqında məlumatlılığı artırmaqdır.
TEKNOFEST həm də texnologiya ilə maraqlanan yüz minlərlə gənc üçün müxtəlif müsabiqələrdə iştirak edərək arzularını reallaşdırmaq şansıdır.
Milyonlarla insanı yenidən bir araya gətirəcək TEKNOFEST 2023 aprelin 27-dən mayın 1-dək İstanbulun Atatürk Hava Limanında keçiriləcək. Bu il festivalda 102 altkateqoriya üzrə 41 müsabiqənin keçirilməsi planlaşdırılır. Onlarda iştirak etmək üçün 332 min komanda və bir milyondan çox insan müraciət edib.
Ziyarətçilər Bayraktar Kızılelma və Bayraktar Akıncı pilotsuz uçan aparatları da daxil olmaqla Türkiyənin müdafiə sənayesindəki son inkişafları görə biləcəklər. Bayraktar TB3 yerli istehsal olan zərbə pilotsuz təyyarəsi ilk dəfə təqdim ediləcək.
Nuranə Məmmədova