Azərbaycan xalqı bu günlərdə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin 6-cı ildönümünü böyük sevinc, coşqu və qürur hissi ilə qeyd edir. Düz altı il əvvəl, 2020-ci ilin payızında hərbi, siyasi, diplomatik müstəvilərdə yazılmış 44 günlük Zəfər tarixi, sadəcə torpaqlarımızın işğaldan azad edilməsi deyildi, həm də Azərbaycan xalqının milli kimliyinin, sarsılmaz birliyinin, hərbi qüdrətinin təntənəsi və bütün dünyaya bəyan edilməsi idi.
Bu qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən strateji addımları, yüksək diplomatik məharəti, əyilməz və qətiyyətli siyasi iradəsi sayəsində mümkün olmuşdur. Bu möhtəşəm qələbə nəticəsində Azərbaycan Silahlı Qüvvələri otuz ilə yaxın davam edən işğala son qoydu, beynəlxalq hüququn Ermənistan tərəfindən pozulmuş prinsip və normalarını bərpa etdi. Ölkəmiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həm döyüş meydanında, həm də beynəlxalq müstəvilərdə tarixi qələbə qazandı. Cənab Prezidentin ətrafında bir yumruq kimi birləşən Azərbaycan xalqı dövlət-ordu-xalq birliyinin sarsılmaz vəhdətini yaratdı.
Hazırda Azərbaycan artıq ərazi bütövlüyü və suverenliyini tam təmin edilmiş, üçrəngli bayrağı Xankəndidə, Şuşada, Xocalıda və Qarabağın hər bir guşəsində qürurla dalğalanan güclü bir dövlətə çevrilmişdir. Ötən 6 il ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və dövlətimizin regionda formalaşdırdığı yeni geosiyasi reallıqlar bu qələbənin nə qədər möhkəm təməllər üzərində qurulduğunun bariz sübutudur.
Bizə bu böyük Zəfəri, Qələbə sevincini yaşatmış, döyüşlərdə böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinə, qazilərimizə sonsuz minnətdarıq. Canları və qanları bahasına hər bir qarış torpağı azad edən qəhrəmanlarımızın şücaəti bu gün hərb tarixinə qızıl hərflərlə həkk olunub. Vətən uğrunda canından keçən, Azərbaycan xalqına baş ucalığı və qürur hissi bəxş edən bütün şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik, Uca Tanrıdan rəhmət diləyirik. Allah rəhmət eləsin!
Bu Müqəddəs bayram günü münasibətilə bu tarixi Zəfərin memarı olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik!
Fəxr hissi ilə qeyd etmək istərdim ki, təsisçisi və rəhbəri olduğum Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası da (AVCİYA) bu qələbənin əldə edilməsinə az da olsa, töhvə verib. Belə ki, AVCİYA fəaliyyəti dövründə Qarabağ problemi ilə bağlı çoxsaylı beynəlxalq layihələr həyata keçirib, müxtəlif illərdə İtaliya, Belçika, Andorra, İspaniya, Finlandiya, Sloveniya, Polşa, Bolqarıstan, Yunanıstan və digər ölkələrin parlamentlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən konfranslar və dinləmələr təşkil edib, AŞPA, Avropa Parlamenti, ATƏT PA və digər beynəlxalq qurumlarda Azərbaycanın ədalətli mövqeyini əks etdirən müzakirələrinə nail olub. AVCİYA, anti-Azərbaycan və ermənipərəst qüvvələr tərəfindən təzyiqlərə baxmayaraq, 2016-cı ildə müəllifi olduğum qətnamə layihəsi 42 AŞPA deputatının imzası ilə sessiyada qəbul edildi. Bu 2085 saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnamə layihəsi idi. Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi və indiyədək işğal altında saxlanması vurğulanmış, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilmiş, təcavüzkar dövlətin sudan silah kimi istifadə etməsi pislənmiş və “qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” hesab edilmiş, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edilmişdi.
Bu qətnamə layihəsinin qəbulu İlham Əliyev diplomatiyasının növbəti, böyük uğuru idi.
Qeyd edilənlər kontekstində bir daha Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevi, Azərbaycan xalqını öz adımdan və AVCİYA kollektivi adından Vətən müharibəsində qazanılmış möhtəşəm tarixi Qələbənin 6-cı ildönümü münasibətilə təbrik edir, Azərbaycanın daimi inkişafı və qüdrətlənməsi yolunda yeni uğurlar arzulayıram.
Elxan Süleymanov,
AVCİYA prezidenti





















