Şimali Avropada mayın 29-dan iyunun 9-dək 14 ölkənin iştirakı ilə Arctic Challenge Exercise 2023 keçiriləcək. TASS bu barədə İsveç Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Manevrlərin əsas təşkilatçıları Danimarka, Norveç, İsveç və Finlandiyadır. Təlimlərə rəhbərlik və onların keçirilməsinə görə məsuliyyət Helsinkiyə həvalə olunub. Təlimlərə Belçika, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Hollandiya, ABŞ, Fransa, Çexiya və İsveçrə də qoşulacaq.
Təlimlərdə 120-yə yaxın təyyarə və 2,7 min nəfər iştirak edəcək. “ACE 2023-ün məqsədi müxtəlif ölkələrdən və müxtəlif təyyarələrdə olan pilotların hava hücumundan müdafiə sistemləri ilə simulyasiya edilmiş real təhlükə şəraitində taktika və hərəkətlərin tətbiq olunacağı böyük birləşmələrdə məşq etmələridir”, – İsveç Nazirliyi bildirib.
Qeyd edək ki, bundan əvvəl Litvada NATO-nun 12 ölkəsinin “Dəmir Qurd 2023-1” hərbi təlimlərinin keçiriləcəyi məlum olub. İki həftə davam edəcək təlimlərdə Litvadan 3500-ə yaxın əsgər və 600 texnika iştirak edəcək.
Havar Şəfiyeva