Sevinc Osmanqızı: “Bu, siyasi sifarişdir, bu məsələyə məişət donu geyindirirlər”
Barəsində cinayət işi başlanılmış tanınmış jurnalist Sevinc Osmanqızının müdafiəçiləri məhkəmə prosesinin qapalı keçirilməsinə etiraz edərək, məhkəmənin gedişinin ictimaiyyət və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilməsinə dair vəsatət veriblər.
Bu barədə lent.az-a jurnalistin hüquqlarını müdafiə edən Elmira Sarıyeva məlumat verib. Onun sözlərinə görə, fevralın 3-də məhkəmədə jurnalistin hüquq müdafiəçiləri vəsatətin təmin olunması, məhkəmə prosesini izləmək arzusunda olan beynəlxalq səfirlik və ictimaiyyət nümayəndələrinin məhkəmə salonuna buraxılmasına nail olmağa çalışacaqlar.
S.Osmanqızı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələyə məişət donu geydirərək, bağlı qapı arxasında qərar qəbul etməyə çalışırlar: “Bu, siyasi sifarişdir. İndi 37-ci il deyil ki, kiməsə damğa vurub, sürgünə göndərəsən.
Mən özümə qarşı başlanan cinayət işinin ictimaiyyət nümayəndələri və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilməsini tələb edirəm”.
Qeyd edək ki, yanvarın 23-də Nərimanov rayon Məhkəməsinin hakimi Məzahir Sadıxov məhkəmə prosesinin qapalı keçirilməsinə dair qərar verib.