Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Avropa Parlamenti üzvlərinin xahişi ilə aclıq aksiyasını elan etdikdən bir neçə saat sonra dayandırıb. Onun vəkili Vaxtanq Baramaşvili siyasətçinin jurnalistlərə müvafiq məktubunu oxuyub.
Elchi.az “RİA Novosti” agentliyinə istinadən sözügedən məktubu təqdim edir:
“Avropa Parlamentinin deputatlarından mesaj aldım, onlar məndən aclıq aksiyasını indiki mərhələdə dayandırmağı xahiş etdilər. Eyni zamanda Avropa Parlamentinin deputatları minimum hüquqlarımın müdafiəsini təmin etmək üçün bütün diplomatik səyləri cəmləyəcəklərini vəd edirlər.
Qəsdən yemək qəbul etmədiyim üçün deyil, zəhərləndiyim üçün özümü pis hiss edirəm…”,-deyə məktubda qedy edilib.
Saakaşvili bildirir ki, o, aylar ərzində yersiz rəftarın qurbanı olub, bunu dünyanın ən yaxşı ekspertləri, o cümlədən Nobel mükafatı laureatları da təsdiqləyir.
Xatırladaq ki, Saakaşvili həbs müddətinin mümkün təxirə salınması ilə bağlı penitensiar xidmətin ona uzaqdan prosesdə iştirak etmək imkanı vermədiyi üçün aclıq aksiyasına başlamışdı. Həkimlər Saakaşvilinin səhhətinə görə məhkəməyə buraxılmayıb. Siyasətçinin həbsxanada uzun sürən aclıq aksiyasından sonra müalicə aldığı klinikadan canlı olaraq prosesə qatılacağı gözlənilirdi. Lakin Penitensiar Xidmətdən aydınlıq gətirilib ki, onların müvafiq texniki avadanlıqları yoxdur. Sabiq prezidentin tərəfdarları əmindirlər ki, Gürcüstan hökuməti Saakaşvilinin ictimaiyyət arasında görünməməsi üçün hər şeyi edir.
Yeganə