Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi ölkənin cənubunda yerləşən Nəcran əyaləti üçün erkən xəbərdarlıq sisteminin işə salındığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Mülki Müdafiə İdarəsi bu barədə “X” (keçmiş Twitter) sosial media platformasında paylaşdığı bəyanatla ictimaiyyətə məlumat verib, eyni zamanda mobil telefonlara xəbərdarlıq mesajları göndərilib.
Bəyanatda bildirilir ki, yerli sakinləri potensial təhlükələr barədə xəbərdar etmək məqsədilə cənubdakı Nəcran əyalətində erkən xəbərdarlıq sistemi aktivləşdirilib.
Vətəndaşlara sakit qalmaları, rəsmi orqanların göstərişlərinə əməl etmələri və təhlükəsiz ərazilərə keçmələri tövsiyə olunub.
Yəməndə hökumət qüvvələri ilə husilər arasında münaqişələrin son vaxtlar şiddətlənməsi fonunda, İrana bağlı olan və özlərinə qarşı həyata keçirilən hücumlara görə Səudiyyə Ərəbistanını məsul tutan husilər krallığı ballistik raketlər və pilotsuz uçuş aparatları (dronlar) ilə hədəf alırlar.
Yəmən, 2014-cü ilin sentyabrında İrana bağlı husilərin paytaxt Sənanı və bir neçə digər əyaləti ələ keçirməsindən sonra başlayan vətəndaş müharibəsi içərisindədir.
2015-ci ilin mart ayından etibarən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə dəstək verir.
Şayəstə



















