Şəki - sənətkarlar yurdu…

🗓 26.09.2014 00:08 ✍️ "Elçi" qəzeti
Əl işləri hazırlayan Yeganə Salamova: “Prezident və xanımı gedəndən sonra bir nəfər mağazaya gəldi, stolun img1641987üstünə 1000 manat qoyub getdi”...
Şəki səfərimiz zamanı Şəkinin mədəniyyəti, incəsənəti ilə maraqlanmaya bilməzdik. Rayonun mərkəz hissələrindən hesab olunan M.F.Axundazə küçəsi boyu əsrarəngiz əl işləri, rəngarəng piştaxtalar qədimliyin əxz olunduğu bu məkanda sirli harmoniya yaradıb. Sərin payız günündə tərtəmiz havası insanı valeh qədim Nuxda dulusçuluq, papaqçılıq, təkəlduz tikmə ustaları iş başında idi.
20 ildən çoxdur dekorativ incəsənətlə məşğul olan Yeganə Salamova qızı ilə birlikdə müxtəlif əl işlərindən ibarət nümunələri kiçik dükanda satır. Bugünədəkhazırladığı ən bahalı əl işini 3 min manata satdığını deyən Y.Salamova bu sənəti öz qızı ilə yanaşı bir neçə fiziki qüsurlu uşağa öyrətdiyini söylədi.  YUNESKO-nun əməkdaşının Şəkiyə gəlişi zamanı onun əl işlərindən birini aldığını da bildirdi.
Kətan və məxmər parçaların üzərində təkəlduz toxumaları edən Y.Salamova prezident İlham Əliyev, birini ledi, deputat Mehriban Əliyeva, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayib Ərdoğan və xanımının, Fəxriyyə Xələfovanın və başqa tanınmış insanların onun mağazasına gəldiyini dedi:
“Adətən prezident gələndə, nazirlər bizə əvvəldən tapşırırlar ki, mağazalar bağlı olsun. Həmin gün də yatmışdım ki, istirahət edim. Səhər yuxulu idimki, zəng gəldi. Gördüm axırı sıfır-sıfır, belə bir cürə nömrədən zəng gəlir. DedilərPrezident Administrasiyasındandır, gəlin mağazanı açın. Mən də gəlib işığı söndürüb oturdum. Hər tərəf də mühafizəçilərlə dolu idi. Bir də gördüm prezident, xanımı, Ərdoğan və xanımı gəldilər. O qədər səmimi, maraqlı söhbət oldu ki, düz 15 dəqiqə söhbət etdilər. Xanımlar araqçın, ipək aldılar. Nə qədər etdilər pul götürmədim ki, hədiyyəmdir. Onlar çıxandan sonra bir nəfər mağazaya gəldi, paketdə 1000 manat stola qoyub getdi”
Yeganə xanımla sağollaşıb, növbəti mağazaya yaxınlaşdıq. Pəncərəsi müxtəlif növ musiqi alətləri ilə əhatə olunmuş mağaza sahibi içəridə təkcə oturmuşdu. Yaxınlaşaraq müsahibimizlə sənətinin özəllikləri, Şəkidə musiqiyə marağın nə dərəcədə olması barədə söhbət etdik.
Ayaz Məcidov milli musiqi alətləri ustası kimi nəinki Şəkidə, eyni zamanda bölgədə yerləşən digər rayonlarda da tanındığını söylədi. Musiqi alətlərini təmir edən A.Məcidov eyni zamanda zərb alətlərini də düzəldə bildiyini dedi. Musiqi məktəbində müəllim işləyən A.Məcidov mağazadakı bütün musiqi alətlərində ifa edə bildiyini söyləyərək, sübut üçün qarmonda, tarda, saz da qısa-qısa müxtəlif musiqilər ifa etdi. Bu durumun xüsusən də şəhərin qonaqlarını, xarici turistləri təəccübləndirdiyini deyən A.Məcidov toylarda nağara ifa etdiyini də söylədi.
Müxtəlif sərgilərdə iştirak etdiyini deyən müsahibimiz yaşından asılı olmayaraq insanların musiqiyə böyük maraq göstərdiyini dedi.
Zərb alətlərinin qiymətini xəbər aldıqda 8 manatdan tutumuş, hazırlandığı materialdan asılı olaraq 250-300 manta qədər başa gəldiyini dedi.
Tez-tez nəzərə çarpan dulusçuluq nümunələrinin qiymətləri ilə də maraqlandıq. Həcmindən, formasından asılı olaraq qiymətlər 4 manatla 35 manat arasında dəyişir.
Adını bildirmək istəməyən mağaza satıcısı saxsı qablarda saxlanılan suyun sərin qaldığını dedi. Onun sözlərinə görə, saxsı qabda yeməklər həm dadlı olur, həm də gec xarab olur. Müsahibimizin dediyinə görə, buna görə yerli sakinlər saxsı qablara üstünlük verir. Lakin gənc ailələrdə saxsı qablara maraq xeyli azalıb.
Şəkiyə gedən istənilən qonaq geri dönərkən yaxınlarına pay almaq arzusunda olur. Bunlardan ən məşhuru isə heç şübhəsiz Şəki halvasıdır. Yerli sakinlərdən öyrəndik ki,daha keyfiyyətli Şəki halvası “Yəhya Halvası” mağazasında hazırlanır.
Mağazaya gedərək satıcı ilə buranın tarixi barədə danıdşıq. 1842-ci ildə Yəhya adlı şəxsin bu mağazanı açdığını deyən satıcı hazırda da mağazanın o ailənin nümayəndələri tərəfindən işlədildiyini söylədi.
Şəki halvasının 1 kiloqramı 6 manat, fındıqdan hazırlanan halvanın kiloqramı isə 5 manatdır. Gün ərzində təqribən 10-a yaxın böyük sinidə 2 növdə halva hazırlanır.
Fəridə Abdıyeva, Şəki

Bənzər yazılar