Rusiyalı turistlərdə Krıma olan maraq Azərbaycan, Gürcüstan və Ermənistana olan maraqla əvəzlənib.
“Kommersant” qəzeti turizm şirkətlərindən əldə etdiyi məlumatlara əsasən rus turistlərin artıq dincəlmək üçün Krımı seçmədiyi qənaətinə gəlib.
Məlum olub ki, Simferopola sifariş edilən biletlər 25 faiz azalıb. Əgər 2015-ci ildə bu istiqamətdə 50 faiz bilet bron edilmişdisə, indi bu rəqəm 35 faizdən artıq olmur.
Türkiyə, Misir kimi ölkələrdə istirahət edən və yüksək xidmətə adət edən rus turistlər üçün Krımdakı vəziyyət heç də ürəkaçan olmayıb. Turizm şirkətləri turist sayının bu istiqmətdə azalmasını məhz bu səbəblə izah ediblər. Bir çox turist Krımdan qayıtdıqdan sonra yaxın illərdə ora təkrar getmək istəmədiyini bildirib.
Alternativ olaraq rus turistlər Azərbaycan, Gürcüstan kimi ölkələri seçirlər. Qəzetin yazdığına görə, bu ölkələrə tələb 1,5 dəfə artıb.