Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Rusiya ilə mümkün müharibəyə hazırlaşdığını iddia edib və Qərb liderlərinin “Rusiya təhlükəsi” narrativini təbliğ etdiklərini bildirib.
Elchi.az xəbər verir ki, Lavrov Moskvada keçirilən “Rusofillərin Beynəlxalq Hərəkatı”nın qurultayında iştirak edib.
Qərbin Rusiyaya qarşı hərəkətləri ilə bağlı qurultayda çıxış edən Lavrov qeyd edib: “Qərb elitaları Rusiyadan gələn təhlükə mifini mənimsəyiblər. Qərb ölkəmizə qarşı müharibəyə hazırlaşır”.
Rusiyanın öz təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərə cavab verəcəyini vurğulayan Lavrov, bunun üçün lazımi imkanlara malik olduqlarını bildirib.
Lavrov deyib ki, Kiyev administrasiyasını dəstəkləməklə Avropa nasizmi mənimsəyib və bu, utancverici haldır.
ABŞ-ın Avropa ölkələrindən fərqli olaraq dialoqa hazır olduğunu qeyd edən Lavrov bildirib: “Biz də ciddi məsləhətləşmələrə hər zaman açığıq”.
Xarici işlər naziri Lavrov qeyd edib ki, qurulan dialoqa baxmayaraq, Rusiya ilə ABŞ arasındakı münasibətlərdə heç bir əhəmiyyətli dəyişiklik baş verməyib.
Şayəstə





















