Rusiya prezidenti Putinin keçmiş müşavirinin İsrailə mühacirət etdiyi iddiası

92

Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Anatoli Çubaysın İsrailə mühacirət etmək üçün müraciət etdiyi iddia edilir.
Elchi.az xəbər verir ki, İsrail mətbuatının yazdığına görə, Rusiyanın Ukraynaya hücumunun başlamasından sonra ölkəni tərk edən Putinin Davamlı İnkişaf üzrə keçmiş xüsusi nümayəndəsi Çubays rusların əksəriyyətinin yaşadığı Nof Hagalil şəhərindəki Əhali, İmmiqrasiya və Sərhəd İdarəsində görüntülənib.
İsrailə mühacirət etdiyi ilə bağlı iddiaları təkzib edən Çubays mətbuata verdiyi açıqlamada “İsrail səfəri ilə bağlı statusunun dəyişdirilməsi üçün müraciət etdiyini” bildirib.
Digər tərəfdən, İsrail İctimai Yayım Təşkilatına (KAN) danışan səlahiyyətlilər, Çubaysın İsrailə mühacirət üçün müraciət etdiyini bildirib.
Rusiya administrasiyasında yüksək vəzifələrdə çalışan Çubays 1990-cı illərdə Boris Yeltsinin şəxsi katibi, Putin dövründə isə beynəlxalq təşkilatlarda Rusiya nümayəndəsi kimi vəzifələri yerinə yetirib.
Kreml Moskvanın Ukraynaya hücumundan bir ay sonra Çubaysın Putinin müşaviri vəzifəsindən istefa verdiyini açıqlayıb.
Çubaysın Rusiyadan ayrıldıqdan sonra ilk dəfə ötən ilin mayında İsrailə gəldiyi bildirilib.
İsrail Sovet İttifaqının dağılmasından sonra yaranan ölkələrdən gələn 1 milyondan çox yəhudi mühacirinə qapılarını açdı. İsrailin Qayıdış Qanunu adlanan qanuna görə, İsrailə köçmək üçün müraciət edən yəhudilər Aliya (İmmiqrasiya) edərək İsrail vətəndaşlığını ala bilərlər.
İsrail Mərkəzi Statistika Bürosunun paylaşdığı məlumata görə, 2022-ci ildə dünyanın müxtəlif ölkələrindən İsrailə mühacirət edən yəhudilərin sayı rekord həddə çatıb. Bildirilib ki, il ərzində ölkəyə təxminən 73 min yəhudi köç edib ki, bu da son 23 ilin ən yüksək göstəricisidir.
2021-ci ildə mühacirət edən yəhudilərin sayı 25.000 olaraq qeyd edilib.
Rusiya-Ukrayna müharibəsinin birbaşa təsiri nəticəsində 2022-ci ildə ən çox immiqrant 58,1% ilə Rusiyadan və 21,3% ilə Ukraynadan olub.

Nuranə Məmmədova