Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının sədri Valentina Matviyenko İsveçdə Qurani-Kərimin yandırılmasını və buna bənzər hərəkətləri ciddi şəkildə pisləmək üçün Avropa parlamentlərinə çağırış göndəriləcəyini bildirib.
Elchi.az xəbər verir ki, Matviyenko Şura iclasındakı çıxışında Stokholm səfirliyi qarşısında Quranın yandırılmasına reaksiya verib.
Bu cür aksiyaları təşkil edənlərin dünyanı yandırdığını, yeni gərginliklər yaratdığını ifadə edən Matviyenko qeyd edib:
“Bu təhqirdir, cinayətdir, etnik ədavəti qızışdırır. İnsanlar müsəlmanlar üçün müqəddəs olan şeylərə hücum edirlər”.
Matviyenko dünyanın bütün ağlı başında olan qüvvələrin bu cür hərəkətləri nəinki qınadığını, həm də onların qarşısının alınmasını istədiyini xatırladıb və Rusiyanın bütün millətlərə hörmət edən çoxmillətli ölkə olduğunu bildirib.
Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsindən İsveçdəki aksiyaya cavab olaraq işləməyi xahiş edən Matviyenko deyib:
“Gəlin Federasiya Şurası adından Avropa parlamentlərinə bu cür hərəkətləri ciddi şəkildə pisləyən və belə halların qarşısını almaq üçün bütün tədbirlərin görülməsini tövsiyə edən çağırış göndərək”.
Yeganə