“Ermənistan Rusiyanın maraqlarına xələl gətirə biləcək heç bir addım atmayacaq”.
Elchi.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Lori rayonunun Şnoq kəndində hakim “Mülki Müqavilə” partiyası üçün təbliğat apararkən deyib.
“Rusiya ilə münasibətlərimizdə heç bir kəskin addım atmayacağıq. Mənim Rusiya prezidenti ilə dostluq münasibətim var. 2018-ci ildən indiyədək aramızda 200-ə yaxın telefon danışığı olub. Bizim Rusiyaya münasibətimiz çox istidir”, – Paşinyan əmin edib.
O qeyd edib ki, Rusiya super dövlətdir və ona hörmətlə yanaşmaq lazımdır:
“Mən Rusiyaya, prezidentə və Rusiya hökumətinin başçısına münasibətdə eyni fikirdəyəm. Onlara deyirəm ki, biz Rusiyanın maraqlarına xələl gətirəcək heç nə etməmişik və etməyəcəyik. Eyni zamanda, biz öz maraqlarımızı Rusiyanın maraqlarından aşağı qoya bilmərik. Bu, qanuni mövqedir. Amma biz Rusiya ilə qarşıdurmaya girməyəcəyik. Ən yüksək səviyyədə dialoq davam edəcək”, – Nikol Paşinyan qeyd edib.
Yeganə





















