Rasim Balayev "oğlundan" danışdı
“Sonra ara qarışdı və o, burdan getdi”
İki gün öncə “Babək” filmində baş qəhrəman Babəkin oğlu Buğday rolunu ifa edən aktyor Məhəmməd Verdiyevlə bağlı mətbuatda xəbər yayıldı. Saytlar “Rasim Balayevlə Amaliya Pənahovanın “oğulları” tapıldı” başlığı ilə onun fotolarını yaymışdılar.
R.Balayev bu mövzuda musavat.com-a danışıb. Görkəmli aktyor “oğlu” Buğday barədə bunları deyib: “Biz onunla görüşəndə Məhəmməd artıq başqa sahədə çalışırdı”-deyən, R.Balayev bunları söylədi:
““Babək” filmi təxminən 1979-1980-ci illərdə çəkilmişdi. Ondan sonra ara qarışdı. Neçə il film istehsalı yaxşı olmadı. Bu ərəfədə Məhəmməd də gedib özünə sənət qazandı. Nə edəcəkdi ki?! Düz edib. İndi də arada bir bura, qohumlarına dəyməyə gəlir. Bu səfərlərinin birində biz də görüşmüşdük. Bir də onu bir müddət əvvəl rus telekanallarının birində filmdə rol oynayarkən görmüşdüm”.
Məhəmməd Verdiyevin yenidən sənətə dönmə perspektivinin nə qədər olmasını soruşduqda isə R.Balayev belə cavab verdi:
“Mənə film yoxdur, ona film olacaq?! Nə danışırsınız. İndi film olsa belə, elə rollar təklif edirlər ki, mənim xoşuma gəlmir. Həm də təbii ki, yeni nəsil, yeni simalar yetişməlidir”.
Qeyd edək ki, 1979-cu ildə lentə alınmış bu filmdə Amaliya Pənahova (Zərnisə) Rasim Balayevin (Babək) həyat yoldaşı rolunu oynayır.