Müsavat Partiyası başqanlığına sabiq iddiaçı Qubad İbadoğlu feysbukdakı profili vasitəsi ilə müsavatçılara müraciət yayınlayıb. Həmin müraciəti təqdim edirik:
“Fədakar müsavatçı bacı və qardaşlarım!
Qurultaydan sonrakı dövrdə Müsavat daxilində gedən proseslər partiya strukturlarında sağlam dialoqa, ciddi polemikaya kəskin ehtiyac yarandığı fikrini bir daha gündəmə gətirdi. Belə dialoq və polemikalar Müsavatın bütövlüyünü istəyən, onun bugünü və sabahı üçün narahatlıq keçirən, ittiham və umu-küsüləri bir kənara qoyub hər vəchlə partiyamızın güclənməsinə çalışan əqidəli və fədakar bacı və qardaşlarım üçün bir sınaq meydanıdır.
Noyabrın 8-də saat 5-də Müsavat Partiyasının Mərkəzi qərargahında keçirməyi planlaşdırdığımız növbəti görüşün məqsədi hər bir vicdanlı müsavatçının narahatlığına səbəb olan hazırkı durumun ciddi müzakirələr əsasında dəyərləndirilməsi və gələcəyə yönəlik pozitiv təkliflərin müzakirə olunmasıdır. Bizim yeganə məqsədimiz ayrı-ayrı şəxsləri deyil, bütövlükdə Müsavatı bu arzuolunmaz durumdan qalib çıxarmaqdır. Bunun üçün hər bir müsavatçının potensialından daha səmərəli faydalanmaqla birgə fəaliyyət platforması müəyyənləşdirmək, qərarları azlığın diqtəsi ilə deyil, birlikdə qəbul etmək tələb olunur.
Görüşdə, eyni zamanda, nizamnamə pozuntuları ilə bağlı hazırladığımız arayışa Müsavat Partiyası MNTK-sının verdiyi rəyə də münasibət açıqlanacaq. İnanıram ki, bu görüş Müsavatın çağdaş tarixində barışıq, birlik, vəhdət və bütövlük görüşü kimi yadda qalacaq. Odur ki, sonuncu qurultayda başqanlığa namizəd olmuş bütün iddiaçıları və onların tərəfdarlarını açıq müzakirəyə dəvət edirəm.
Unutmayın: Görüş noyabrın 8-də, saat 5-də Müsavat Partiyasının qərargahında olacaq.
Hər birinizlə tezliklə görüşmək ümidi ilə,
Qubad İbadoğlu”